Yumurta və toyuq ətinin qiyməti bahalaşdı - SƏBƏB
    • 17-07-2018, 17:25
    • 5 229

Yumurta və toyuq ətinin qiyməti bahalaşdı - SƏBƏB

Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb. Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib.

Dövlət Statistika Komitəsi də iyun ərzində toyuq ətinin, yumurtanın qiymətinin qalxdığını açıqlayıb. Bahalaşmanın səbəblərini araşdırmağa çalışdıq. 


Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, yumurtanın və toyuq ətinin bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır.


Belə ki, yemin qiyməti bahalaşdığından istehsalçılar məhsullarının qiymətini qaldırmağa məcbur olublar:
“İyun ayı biçin olduğu üçün bazarda yem azalır. Köhnə yemin qiyməti qalxır. Yəni istehsalçılar bu müddətdən istifadə edirlər. Yem komponentlərinin dəyərindəki artım yumurtanın maya dəyərinə təsir edir”.


A.Vəliyev deyir ki, ölkənin broyler təsərrüfatı 60 faiz xaricdən asılıdır. Onun sözlərinə görə, yemin 80 faizi xaricdən idxal edilir.
Məlum oldu ki, yüksək kalorili yem hesab edilən soyanın tonu 900 manatdan 1400 manata yüksəlib:
“Eləcə də, qarğıdalının tonu 300 manatdan 450 manata yüksəlib. Təəssüf ki, məhsul idxal etdiyimiz tərəfdaşlarımız mövsümi amillərdən istifadə edirlər”.


A.Vəliyevin sözlərinə görə, yumurtanın qiymətində artım müvəqqətidir.


Onu da qeyd edək ki, normal halda yayda yumurta və toyuq ətinə tələbat azaldığından qiyməti aşağı düşməlidir. 

//oxu.az