Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatdı- FOTO -YENİLƏNDİ-6- VİDEO
    • 16-03-2022, 14:05
    • 2 131

Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatdı- FOTO -YENİLƏNDİ-6- VİDEO

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.

News24.az xəbər verir ki, o, qardaşı mərhum xalq yazıçısı Maqsud İbrahimbəyovun yanında dəfn edilib.

***
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.

News24.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər.

Onlar Rüstəm İbrahimbəyovun ölümünün mədəniyyətimizə ağır itki olduğunu qeyd ediblər, mərhumla bağlı ürək sözlərini  bölüşüblər, onun Azərbaycanın kino, teatr və ədəbiyyatı sahəsindəki böyük xidmətlərindən söz açıblar.

Daha sonra Rüstəm İbrəhimbəyovun oğlu Fuad İbrahimbəyov atasının cənazəsinin Azərbaycana gətirilərək Bakıda Fəxri xiyabanda dəfn olunmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. 

***

"Rüstəm İbrahimbəyov həmişə sağlam, enerjili olub. Eşitdiyimə görə ABŞ-a getməyə hazırlaşırmış". 

News24.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev jurnalistlərə deyib.

"O, mənim üçün həm dost, həm də Azərbaycan mədəniyyətinin flaqmanlarından biri olub. Son dövrlərdə Azərbaycan incəsənətinin yetişdirdiyi iki nəhəng simadan biri vəfat edib. Onların biri Rüstəm İbrahimbəyov, digəri isə Tahir Salahov idi".

"Kino, ədəbiyyat, teatr sənəti böyük sənətkarı itirib". Bu sözləri isə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib. O bildirib ki, R.İbrahimbəyov çox vaxt Bakıdan uzaqda olsa da, həmişə ürəyi Azərbaycanla döyünürdü: "O əbədi olaraq Azərbaycan torpağına qayıtdı. Onun əsərlərini yaşatmağa ehtiyac yoxdur. Onlar özü yaşayacaq. Rüstəm İbrahimbəyovun yaratdığı "İbrus" Teatrını yaşatmalıyıq".

***
"Bu, böyük itkidir. Valideyni, atanı itirmək, şübhəsiz, ağırdır”.

News24.az xəbər verir ki, bunu Rüstəm İbrəhimbəyovla vida mərasimində mərhumun oğlu Fuad İbrahimbəyov deyib.

“Yaxşı ki, atam öz vətənində dəfn olunacaq. O, istedadlı yazıçı, gözəl ata idi. Əlbəttə, bu, bizmi üçün gözlənilməz oldu. Ata itkisinin övlad üçün ağırdır. Atam son sözündə dedi ki, dostlarıma salam söyləyərsən" - o bildirib.


***
Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Xatırladaq ki, R.İbrahimbəyov martın 10-da Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.


***
Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib.

News24.az xəbər verir ki, vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, R.İbrahimbəyov martın 10-da Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.