Çörək yenidən bahalaşacaq? - EKSPERT RƏYİ
    • 16-03-2022, 17:47
    • 2 103

Çörək yenidən bahalaşacaq? - EKSPERT RƏYİ

Rusiya taxıl, eləcə də, ağ şəkər və xam qamış şəkərinin ixracına müvvəqəti qadağa qoyub.

Bu barədə sözügedən ölkənin baş naziri Mixail Mişustin fərman imzalayıb. Belə ki, buğda, çovdar, arpa və qarğıdalıya qoyulan məhdudiyyətlər iyunun 30-dək, şəkər üçün isə avqustun 31-dək qüvvədə olacaq. Məlumata görə, Rusiya höküməti bu addımı sanksiyalar fonunda daxili bazarı qorumaq üçün atıb. 

Bu qərar ölkəmizə necə təsir edəcək? Taxıl bazarında baş verən dəyişiklik çörəyin qiymətində artıma gətirib çıxara bilərmi?

İqtisadçı-ekspert Eyyub Kərimli News24.az-a açıqlamasında bildirib ki, çörəyin qiymətinin bahalaşması ajiotajdır: "Rusiya Türkiyədən sonra Azərbaycanın ikinci  ticarət tərafdaşıdır. Ötən ilki xarici ticarət dövriyyəmiz iki milyard yarım dollar olub. Və bu, iki ay ərzində müvafiq dövrlə müqayisədə 40 faiz artıb. Hazırda ölkədə Rusiya ilə olan ticarət dövriyyəsinin 13 faizini buğda və dənli bitkilər təşkil edir. Bu isə olduqca əhəmiyyətli rəqəmdir".

Ekspertin sözlərinə görə, Rusiyaya qoyulan qadağa müəyyən qiymətlərə təsir göstərə bilər: "Lakin bununla bağlı ölkəmizdə dövlət tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Ölkənin buğda və un təminatını  Qazaxıstan, Almaniya və bir sıra ölkələrdən idxalla təşkil etmək olar. Əgər ölkənin buğda ehtiyatı  varsa, qiymət artımında qıtlıq və bahalaşma olmayacaq. Həmçinin Türkiyə, Hindistan və Çindən buğda idxal edə bilərik".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovsa News24.az-a açıqlamasında yaxın zamanda çörəyin qiymətində artım ola biləcəyini vurğulayıb: "Azərbaycan bazarı dünya ölkələri sırasında qiymət artımına daha tez reaksiya verən bazardır. Qonşu ölkələrdə gedən müharibə Azərbaycanda çörəyin qiymətinə təsir göstərəcək. Buna görə də, çörəyin hazırlanmısında elə bir taktika seçilməlidir ki, israfçılıq az olsun. Təsssüfflər olsun ki, Azərbaycan bu sahədə böyük faizlə Rusiya-Ukrayna bazarından asılıdır". 

Qeyd edək ki, Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır. Avropa ittifaqı və Ukrayna isə bu sahədə onun ən böyük rəqibidir.