-
- 1-04-2022, 17:09
- 9 470
Deputatdan SƏRT SÖZLƏR: “Azərbaycanda süpürgəçi belə zəng və xahişlə işə götürülür” – VİDEOMÜSAHİBƏ
“Bizim neft və qazımız olsa da insanlarımız üçün ləyaqətli həyat tərzini təmin edə bilməmişik. Rəqabətli iş yerləri yaratmağı bacarmamışıq”.
News24.az-ın “millət vəkilinə 5 sual” rubrikasının növbəti qonağı millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev olub.
Müsahibəni təqdim edirik.
- Razi bəy, Milli Məclisdə sizi qane etməyən nə var?
- Mən istərdim ki, Milli Məclisdə qanun layihələri müzakirə olunan zaman 80 nəfər lehinə səs verəndə 10-15 nəfər də əleyhinə səs versin. Bütün qanunları hər kəs bəyənməli deyil. Əgər bəyənilirsə, onda cəmiyyətdə niyə narazılıq əmələ gəlib? Parlamentdə bəzən aşırı təriflər olur. Bunu bəyənmirəm. Tərifə layiq olanları tərifləmək lazımdır. Məqsədli təriflər qəbuledilməzdir. Hökumətin hesabatlarında elə təriflər deyilir ki, məncə, baş nazirin özü belə narahat olur. Yəni bu təriflər doğrudur, yoxsa yalandır?!
- Sizcə, həmkarlarınız xalqın sözünü deməyi bacarır?
- Əksəriyyət bacarır, deyə bilir. Bəziləri formasını dəyişir, bəziləri birbaşa deyir, bəziləri dolayısı ilə deyir, bəziləri isə malalayıb deyir. Bu da təbiidir, qəbulolunandır. Bütün dünyada bu, belədir. Hər kəs birbaşa danışsa, orada oturmaq olmaz.
- Plenar iclaslarda bəhs etdiyiniz problemlər həllini tapmayanda hansı hissləri keçirirsiniz? Səsləndirməklə kifayətlənirsiniz, yoxsa başqa addımlar da atırsınız?
- Heç bir məsələni səsləndirməklə kifayətlənmirəm. Şikayətçinin məktubunu göndərib, başımın altına yastıq qoymuram. Bütün problemlərlə bağlı birbaşa məşğul oluram. Müraciətlərimin əksəriyyəti həll olur. Bəzən görürəm ki, şikayətçinin şəxsiyyəti sındırılır. Allahın yaratdığı insanın ləyaqətini, şəxsiyyətini alçaltmaq olmaz. İnsanın ləyaqəti alçaldılanda o vətəndaşlığını, dövlətə bağlılığını və vətənpərvərliyini itirir. Milli Məclisdə istədiyim məsələni gündəmə gətirə bilirəm. Bəzən çox sərt deyirəm, bəzən isə həddindən artıq sərt deyirəm. Həmkarlarım və xanım sədr məni yumşaltmağa çalışır. Çünki özüm də görürəm ki, bir az duzu, istiotu çox olur. Çalışıram, elə məsələləri deyim ki, həlli mümkün olsun. Bir çox məsələləri həll etmək olar. Bəs niyə həll olunmur? Çünki can yandırmırlar. Şikayətçini dinlədikdən sonra “bu mənim sahəm deyil”, sizin deputatınız deyil”, “səlahiyyətim yoxdur” və s. deyirlər. “Mən qaz, işıq, yol çəkən deyiləm” demək asandır. Ancaq o insana yol göstərmək lazımdır.
Bəzən görürsən ki, hər şeyin gözəl olduğu deyilir, təriflər səsləndirilir, analoqumuzun olmadığı bildirilir. Yaxşı, analoqumuz yoxdursa, hər şey gözəldirsə, bəs, insanlar niyə narazıdır? Niyə bu qədər az əməkhaqqı alan insanlar var? Marketə girəndə baxıram ki, uşaq ayağını yerə döyür, amma anası və ya atası ona nəsə ala bilmir.
Bizdə hələ qazancını dəyərə çevirən yoxdur. Milyardlarla pul qazanmaq olar. Kim onu goruna və ya kəfəninə büküb aparacaq ki?! Məsələn, Bill Qeytsin və ya İlon Maskın milyardları var. Onlar xəstəxanalar açırlar, ucuz qiymətə insanları müalicə etdirirlər. Yaxud da xəstəliklərin tapılması, sürətli və pulsuz internetin çəkilməsi üçün pul xərcləyirlər. Bu, puluna dəyər qatmaqdır. Beləliklə, o, həm iş adamı, həm də sosial dəyər yaradan biridir. Dövlət iş yeri yaratmalı və ya bizneslə məşğul olmalı deyil. Bizdə hamısı bizneslə məşğuldu. Məsələn, AZAL-ın (Azərbaycan Hava Yolları) bütün təyyarələri dövlətin pulu ilə alınıb. AZAL dövlətin pulu ilə özünə biznes qurub. Məmur niyə biznesmen olmalıdır? Köhnələrdən biznesmen olmayan məmur var idi? Hamısı dövlətin puluna zavod, fabrik və binalar tikiblər.
Mənim biznesim yoxdur, bacarmıram. Bir dəfə tikinti ilə məşğul olmaq üçün MMC yaratdım. Elan verdim ki, bina tikirik. Bir-iki dənə mühəndis tapdım. Ancaq sonradan mənə məlum oldu ki, özbaşına heç nə tikmək olmaz. Hətta villa tiksən belə kimlərsə icazə verməlidir. Bina tikirsənsə, sənə o şəraiti yaratmalıdılar. Yəni hər şey tanışlıqla olur. MMC-ni ziyana gedərək bağladım, üzərindən 4-5 ay keçəndən sonra Vergilər Nazirliyi cərimələdi ki, niyə vergi vermirsiniz? Nəyi var idi ki, vergi də verim?
- Hansı nazirliyin fəaliyyətindən razısınız, hansından narazı?
- Ayrı-ayrılıqda narazı qaldığım qurum yoxdur. Bütövlükdə yanaşmalardan və insanlara münasibətdən narazıyam. Çünki bizim neft və qazımız olsa da insanlarımız üçün ləyaqətli həyat tərzini təmin edə bilməmişik. Rəqabətli iş yerləri yaratmağı bacarmamışıq. Əgər bir xadimə zəng və xahişlə işə götürülürsə, insanlar niyə razı olsun ki? Vətəndaşlar mənə müraciət edir ki, zəhmət olmasa, filan yerdə süpürgəçi və ya xadimə işə düzəlməyimi xahiş edin. Bu günə qədər çox sayda insanın xadimə və ya süpürgəçi kimi işə düzəlməsinin xahişini etmişəm. Əgər bir ölkədə süpürgəçi və ya xadimə xahişlə işə düzələcəksə, yaxud da hansısa vətəndaşın haqlı işini xahiş edəcəksənsə, təbii ki, narazı qalmalısan.
Azərbaycan elə bir cəmiyyətdir ki, burada işlər xahiş, “sən öl”, “mən ölüm”, “sən Allah”, “sən atanın canı” və s. kimi şəxsi tanışlıq üzərindən gedir. Yazılmayan qanunlarımız yazılı qanunlardan daha gözəl işləyir. Məsələn, rüşvətxorluq azalıb? Ay tövbə. Sadəcə formasını dəyişib.
- Qiymət artımını hiss edirsinizmi və hansı istiqamətlərdə?
- Bizim ailə çox yemir. Çəkimiz artmasın deyə gündə bir dəfə yemək yeyirik. Bazarlığa hər zaman həyat yoldaşımla gedirik. Əvvəl 10 manat xərcləyirdimsə, indi 20 manat xərcləyirəm. Əvvəl kassaya 100 manat ödəyirdimsə, indi 250 manat ödəyirəm. Ancaq bu bahalaşma bütün dünyada baş verir. Artıq bir çox ölkədə həyəcan təbili çalınır ki, ərzaq qıtlığı ola bilər. Ərzaq, un bahalaşır və buğda istehsalı dayanır. Ukrayna-Rusiya müharibəsi qiymət artımına təsirsiz ötüşmür. Sahibkarlara “qiyməti qaldırma” deyə bilmərik. Belə olan halda onlar da satmayacaq. Deməli, insanların qazancını artırmaq lazımdır. Zavodlar olmalıdır, kənd təsərrüfatı inkişaf etməlidir. Dövlət çox sərfəli şərtlərlə əhaliyə kredit verməlidir.
Məhərrəm Əliyev
Foto: Teymur Məmmədov
Video: Nicat Niftəliyev