Bakıda 32 yaşlı kişi arvadını narahat edən qonşusunun qanını tökdü – TƏFƏRRÜAT
    • 2-04-2022, 15:53
    • 1 889

Bakıda 32 yaşlı kişi arvadını narahat edən qonşusunun qanını tökdü – TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 avqust tarixində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qonşusu Gülbaba Babaşovu bıçaqlayan 1990-cı il təvəllüdlü Oruc Alxasov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bəzi məqamlar üzə çıxıb. Bəlli olub ki, Gülbaba və Oruc qonşudurlar və onların evləri yanaşı yerləşir. Orucun mənzilindəki yataq otağı Gülbabagilin həyəti istiqamətində yerləşdirindən Gülbaba Oruc evdə olmayanda onların pəncərəsini taxta parçası ilə döyüb. Orucun həyat yoldaşı qonşunun bu hərəkətindən narahat olub və həmin gün Gülbabanın atasına bu barədə bildirib, həmçinni qonşunun hərəkətləri barədə 102 xidmətinə məlumat verib. Bundan sonra evə gələn Oruc qonşunun oğlunun onun həyat yoldaşını narahat etməsindən xəbər tutub. 

Baş vermiş hadisədən bir neçə gün sonra Oruc küçədə Gülbabanı görüb və evdən bıçaq götürərərk ona yaxınlaşıb. Bu zaman bıçaqlanma hadisəsi baş verib.

Məhkəmədə Oruc Alxasov törətdiyi əməldən peşman olduğunu deyib və Gülbabanı öldürmək niyyətinin olmadığını, ona çoxsaylı xəsarətlər yetirmək imkanı olsa da, yalnız bir dəfə vurduğunu deyib.

Gülbaba da Orucla barışdığını, ondan şikayətçi olmadığını, hadisənin yanlış anlaşma səbəbindən baş verdiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi 32 yaşlı oruc Alxasovun Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinməsinə və 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə qərar verib.

Qeyd edək ki, istintaq müddətində də ittiham edilən şəxsin polisin nəzarəti altında olmaqla azadlıqda qalmasına qərar verilib.