Könül Kərimova ilk efirində AĞLADI  - Fotolar
    • 11-04-2022, 19:26
    • 1 906

Könül Kərimova ilk efirində AĞLADI - Fotolar

Azərbaycanın əməkdar artisti, sevilən müğənni Könül Kərimova illər sonra “Xəzər” Televiziyasının ekranlarından “Bu verilişə könüldən vurulacaqsınız” deyib, yenidən ekranlara qayıtdı.  Bu gündən etibarən həftədə 4 gün saat 19.00-da yayımlanan “Xəzər axşamı” verilişində müğənninin bir-birindən maraqlı və musiqili qonaqlarının zəngin repertuarı ilə tanış ola biləcəksiniz. 20 ildən çoxdur ki, Könül xanımla duet ortağı olan bəstəkar-müğənni Cabbar Musayev də veriliş boyunca həmkarını tək qoymayacaq.  

News24.az xəbər verir ki, ilk verilişin qonaqları meyxanaçı- müğənni Namiq Qaraçuxurlu və ifaçılar Sevil və Sevinc Səfərova bacıları olub. Onlar birlikdə ifa etdikləri “Oxşamıram” mahnısını səsləndiriblər. 

İllər əvvəl Könül xanımla “Cavanlıq səhvi” adlanan duet oxumaqlarını xatırlayan Namiq Qaraçuxurlu belə layihələrə davam etməyə ehtiyac olduğunu vurğulayıb. “Duetlərin yaranması, əsasən də Könül xanım kimi müğənni tərəfindən ifası böyük məsuliyyət tələb edir. Çünki mən meyxana kimi deyirdim, lakin o meyxananı musiqi ilə birləşdirirdi”.

Çəkiliş zamanı bir-birindən gözəl musiqilər ifa edən müğənnilər maraqlı və məzəli söhbətləri ilə tamaşaçılara xoş axşam bəxş ediblər. 
“Rəvayət”lə qısa zamanda populyarlıq qazanan Namiq Qaraçuxurlu Könül Kərimovanın xahişi ilə verilişdə bədahətən yeni meyxana yazıb. 
Veriliş zamanı Könül Kərimovanın qızı Ləman etdiyi sürprizlə anasına sentimental anlar yaşadıb. Belə ki, çəkiliş heyətinin üzvünün müğənninin qızı və nəvəsinin adı qeyd edilən açıqcanı və tortu studiyaya gətirməsi aparıcı xanımı kövrəldib. Qonaqlarının övladını, yoxsa nəvəsini daha çox sevməsi iə bağlı olan sualına isə müğənninin cavabı gözlənilən olub. ”Deyirdilər ki,  nəvə daha şirin olur, inanmırdım, elə düz deyirmişlər, elədir. Dənizi lap çox istəyirəm”.

Sonda sənətçilərə maraqlı hədiyyələr gətirilib. Könül Kərimova və Cabbar Musayevin əl izləri həkk olunan qızılı lövhələr studiyaya gətirilib və onlara verilib. Sevil və Sevinc Səfərovanın, eləcə də Namiq Qaraçuxurlunun əl izləri götürülüb və çərçivədə qonaqlara hədiyyə edilib. “Xəzər axşamı”nın ilk çəkilişi Könül Kərimovanın və qonaqların çıxışları ilə yekunlaşıb.