Bakıda qumbara TAPILDI - VIDEO/FOTO
    • 16-04-2022, 12:03
    • 511

Bakıda qumbara TAPILDI - VIDEO/FOTO

Bakıda əl qumbarası tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi adlanan ərazidə yol kənarında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.