Azərbaycanda saxta 100 dollarlıqlar satanlar həbs edildi
    • 21-04-2022, 10:05
    • 416

Azərbaycanda saxta 100 dollarlıqlar satanlar həbs edildi

İmişli rayonunda saxta pul satan şəxslərin məhkəməsi keçirilib.

News24.az-ın məlumatına görə, İmili rayon Məhkəməsində hakim Qurban Hacıyevin sədrliyi ilə keçirilən prosesin yekununda Sabirabad rayon Əhmədabad kənd sakini Zülfüqar Səmədov və Bəyzadə Qurbanov Cinayət Məcəlləsinin 204.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddələri ilə təqsirli bilinib. Onların hər biri 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, Zülfüqar və Bəyzadə bir 100 ABŞ dolları nominallı saxta pulu 120 manat müqabilində Sevda adlı qadına satıblar. Onlar Sevdaya ümumilikdə 53 ədəd 100 ABŞ dolları nominallı saxta pulu satıblar. Həmin qadın da saxta pulla İmişli şəhərində qızıl-zinət əşyaları alıb.
Qızıl-zinət mağazasını işlədən şəxs sonradan pulların saxta olduğunu bildirərərk polisə şikayət edib. Sevdə isə hə birini 120 manata aldığı 100 dollarlıqların saxta olmasından xəbərsiz olduğunu deyib və pulları İmişli şəhəri H.Aslanov küçəsində Sabirabad rayon Əhmədabad kənd sakinlərindən alığını deyib. Polis əməkdaşları daha sonra Zülfüqar və Bəyzadəni saxlayıb və onların barəsində cinayət işi açılıb.

Tutulan şəxslər pulları Türkiyə və İranda aldıqlarını və alarkən həmin pulların saxta olduğunu bilmədiklərini, Azərbaycana qayıtdıqdan sonra həmin 100 dollarkıq əskinasların saxta olduğunu öyrəndiklərini deyiblər.