Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçdu
    • 8-05-2022, 15:27
    • 508

Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçdu

Bakıda güclü külək nəticəsində yaşayış binasının bir hissəsi uçub.

News24.az xəbər verir ki, hadisə dünən axşam saatlarında, Xətai rayonu, Araz Novruzov 34 ünvanında yeləşən binada qeydə alınıb.

Belə ki, binanın bir hissəsi uçub, daşlar və qamışlar yerə tökülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri sakinlərin müraciətləri əsasında əraziyə baxış keçiriblər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report" a açıqlamasında bildirib ki, bina qəzalıdır: "Tərəfimizdən bütün əlaqədar təşkilatlara məlumat verilib. Məsələ diqqətimizdədir"

P.İmanov vurğulayıb ki, Bakı şəhərində qəzalı binaların inventarizasiyasına başlanılıb: “Yaxın zamanlarda qəzalı və kəskin qəzalı binaların bərpası ilə bağlı qərar veriləcək, bizdə üzərimizə düşən öhdəlikləri yerinə yetirəcəyik".

Bina sakini Skayeva Nadejda Mixalovna bildirib ki, ikimərtəbəli, iki bloklu binada 12 ailə yaşayır. Onun sözlərinə görə, bina əvvələr Heydər Əliyev adına Neft Emalı Zavodunun işçilərinə yaşayış məqsədilə verilib: "Güclü külək sadəcə təkan olub. Bina uzun müddətdir qəzalı və təhlükəli vəziyyətdədir. Hər an üzərimizə aşa bilər".

Qeyd edək ki, bina 1933-cü ildə tikilib və Xətai rayon İcra Hakimiyyətinin balansındadır. /Report/