Yetkinlik yaşına çatmayanları cinayətdən yayındırmaqla bağlı təlim keçirildi
    • 16-05-2022, 14:23
    • 333

Yetkinlik yaşına çatmayanları cinayətdən yayındırmaqla bağlı təlim keçirildi

Baş Prokurorluqda TAIEX texniki yardım aləti çərçivəsində “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması və bu işlər üzrə dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” movzusunda təlim keçirilir.

Bu barədə News24.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, TAIEX texniki yardım aləti çərçivəsində Avropa Komissiyası tərəfindən Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması (prevensiyası) və bu işlər üzrə dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” movzusunda ekspert missiyası təşkil edilib.

İspaniyadan olan ekspertlər Silviya Martinez Kanton və Vanessa Untiyedin iştirakı ilə dəyirmi masa formatında təşkil olunan 4 günlük təlimdə Baş Prokurorluq, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi və bir sıra birinci instansiya məhkəmələrinin hakimləri, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak edirlər.

Təlimin ilk günü tədbiri giriş nitqi ilə açan Baş prokurorun müavini Heydər Məmmədov bildirib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan beynəlxalq əməkdaşlığın gücləndirilməsi, habelə qabaqcıl ölkələrin müsbət təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycan Baş prokuroru Kamran Əliyevin təşəbbüsü ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən 2022-ci il və sonrakı müddət üçün həyata keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının TAİEX proqramı çərçivəsində əməkdaşlığa başlanılıb. Fərdi yanaşma və praktiki səmərəlilik prinsipləri əsasında həyata keçirilən TAIEX aləti İttifaqa üzv ölkələrin müsbət təcrübəsinin öyrənilməsində mühüm vasitə kimi çıxış edir.

Heydər Məmmədov çıxışında deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclərin iqtisadi, sosial, mədəni və sair hüquqlarının təmin edilməsi ilə bağlı bir sıra qanunlar qəbul edilib, bu sahədə milli qanunvericiliyin Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması sahəsində xeyli işlər görülüb və Azərbaycanın Cinayət və Cinayət-Prosessual Məcəllələrində yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə bir çox mütərəqqi normalar nəzərdə tutulub. Bu xüsusda qabaqcıl ölkələrin müsbət təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir və müvafiq ekspert missiyasının təşkili bu istiqamətdə görülən işlərin səmərəliliyinin daha da artırılmasına yönəlib.

Daha sonra ekspertlər tərəfindən təlimin mövzusu ətrafında çıxışlar və təqdimatlar edilərək Avropa İttifaqının yuvenal ədliyyəsinin ümumi prinsipləri, bu sahədə qurum və BMT çərçivəsində formalaşmış beynəlxalq-hüquqi baza, uşaq və yetkinlik yaşına çatmayan şəxslərin zərər çəkmiş şəxs olduqları cinsi istismar cinayətləri ilə mübarizədə maarifləndirmənin rolu və sair mövzular barədə geniş məlumat verilib.

İnteraktiv formada təşkil edilən tədbirin mayın 16-dan 20-dək keçirilməsi nəzərdə tutulur.