“Zəhər tuluğu” filminin Qazaxıstanda Qala gecəsi keçirildi - FOTO
    • 21-05-2022, 14:43
    • 751

“Zəhər tuluğu” filminin Qazaxıstanda Qala gecəsi keçirildi - FOTO

Mayın 20-də Qazaxstanın Almatı şəhərində “KinoPark” kinoteatrlar şəbəkəsinin Esentai Mall-da yerləşən zalında “Zəhər tuluğu” filminin Qala gecəsi keçirilib.

News24.az xəbər verir ki, tədbirdə filmin prodüseri və rejissoru Orxan Mərdan, filmin rejissoru və baş rolun ifaçısı Taleh Yüzbəyov, aktyorlar Əlixan Rəcəbov, Ləman Mərrih, Qazaxıstanın kino və incəsənət nümayəndələri, Azərbaycanın Qazaxıstandakı nümayəndəliyinin üzvləri iştirak edib.

Xatırladaq ki, “Zəhər tuluğu” filminin xarici ölkələrdə satışı və tanıdılması prodüser Orxan Mərdanın təşəbbüsü ilə baş tutub. Prodüser Qazaxıstanda baş tutan Qala gecəsindən öz təəssüratlarını media ilə bölüşüb:

“Taleh Yüzbəyovla birlikdə çəkdiyimiz və ölkəmizdə maraqla qarşılanan “Zəhər tuluğu” filminin dünya kino bazarına çıxarılmasında, Azərbaycan kinosunun dünyada təbliğində ilk gündən maraqlıyam. Bununla bağlı təklifləri və təşəbbüsləri dəyərləndiririk. Hazırda film “KinoPark” kinoteatrlar şəbəkəsinin xətti ilə, Qazaxıstanın onlarla şəhərində, rus dilində nümayiş olunmağa başlayıb. Bu gün təşkil edilən Qala gecəsi də çox maraqlı və anşlaqla keçdi. “Zəhər tuluğu” ilk Azərbaycan filmidir ki, xarici ölkədə Qala gecəsi keçirilir. Çox qürurluyam ki, Azərbaycan kinosunu dünyaya çıxarmaq təşəbbüsüm uğurlu alındı. Eyni zamanda sevinirəm ki, ölkə xaricində kinoteatrlarda satışa çıxarılan ilk film müstəqil kinomuzu təmsil edir. Bu tədbirin baş tutmasında bizə dəstək olan hər kəsə, xüsusilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Qazaxstandakı nümayəndəliyinə minnətdarlığımı bildirirəm. İlin sonuna kimi filmin bir neçə xarici ölkədə nümayişi gözlənilir".

Qeyd edək ki, ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə ərsəyə gələn, baş rollarda Taleh Yüzbəyov, Ləman Mərrih, Əlixan Rəcəbov, Nəzakət Heydərova, Cavidan Novruz, Səidə Quliyeva, Rasim Cəfər, Zülfiyyə Qurbanova və Hüsniyyə Mürvətovanın çəkildiyi film pandemiyadan sonra ölkəmizdə böyük rezonans yaratmışdı.