-
- Bu gün, 11:39
- 190
"Gələcəyin şəhəri” sakinlərini qarşılamağa hazırlaşır: Yaşamaq üçün yeganə şərt budur
Dünyaca məşhur Yapon avtomobil nəhəngi Toyota, gələcək texnologiyaları yaratmaq üçün keçmiş avtomobil zavodunun torpağında inşa etdiyi Woven City-nin birinci mərhələsinin tamamlandığını açıqlayıb.
News24.az xəbər verir ki, 2020-ci ildə elan edilən və 2021-ci ildə tikintisinə başlanan layihə 10 milyard dollarlıq investisiya ilə həyata keçirilib. Hidrogen yanacaq elementləri ilə təchiz edilmiş bu tam əlaqəli ekosistem innovasiya və davamlılıq məqsədləri nəzərə alınmaqla hazırlanıb. “Toxuculuq şəhəri” gələcək texnologiyaların hazırlanması üçün laboratoriya rolunu oynayacaq.
Şəhər ilk mərhələdə qapılarını 100 nəfərə açmağa hazırlaşır. Burada pulsuz yaşayacaq sakinlər eksperimental layihələrdə iştirak edərək gələcəyin texnologiyalarına töhfə verəcəklər. Sonrakı mərhələlərdə bu rəqəm ailələr və ev heyvanları da daxil olmaqla 2200 nəfərə qədər genişlənəcək.
ŞƏHƏRDƏ NƏ VAR?
Las-Veqasda keçirilən CES 2025 sərgisində təqdim edilən layihədə sakinlərin həyatını asanlaşdıracaq bir çox yeniliklər təqdim edilib:
Gecələr evə gedən səyahəti müşayiət edən dronlar, yaşlıları dəstəkləmək üçün süni intellektli ev heyvanları, gündəlik vəzifələri öhdəsinə götürmək üçün yenilikçi həllər.
Bundan əlavə, şəhərdə 300-dən çox avtomatik uçuş həyata keçirən uçan taksilər və avtonom idarəetmə sistemləri də sınaqdan keçiriləcək.
Layihə təkcə yaşayış sahəsi deyil, həm də yaradıcı ideyaların sərbəst şəkildə sınaqdan keçirilə biləcəyi innovasiya mərkəzi kimi müəyyən edilib. Şəhərdə yaşayanlar texnologiyanın gündəlik həyatla qovuşduğu unikal ekosistemin bir hissəsi olacaqlar.
Şəhərin ilk sakinləri yapon nəhənginin tarixinə istinad edərək "Toxucular" adlanacaqlar. Şəhərə ad verilərkən Toyota-nın toxuculuq dəzgahları istehsal edən şirkət kimi keçmiş quruluşuna istinad edilib.
Toyota-nın CEO-su Akio Toyoda şəhərin maliyyə qazanc əldə edəcəyini gözləmədiyini, lakin bunun gələcək texnologiyaların ortaya çıxacağı bir inkubasiya mərkəzi ola biləcəyini bildirib.
Günel Məlikzadə