Zığ qəsəbəsində qumbara tapılıb - FOTO
    • 1-06-2022, 11:14
    • 272

Zığ qəsəbəsində qumbara tapılıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın partladıcısı üzərində olan döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin pirotexnikləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.