Bakıda atraksionların təhlükəsizliyi yoxlanılıb
    • 3-06-2022, 12:29
    • 385

Bakıda atraksionların təhlükəsizliyi yoxlanılıb

Bakıda mexanikləşdirilmiş atraksionların təhlükəsiz işləməsinin təmin olunması məqsədilə qiymətləndirmə aparılıb.

 News24.az xəbər verir ki, yaz-yay mövsümünün başalanması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən atraksionlara baxış keçirilib.

Paytaxtın N.Nərimanov rayon, S.Xasiyev adına Mədəniyyət və istirahət parkının filalı olan N.Nərimanov adına bağın ərazisindəki ("Nərimanov" metrosunun yaxınlığında) mexanikləşdirilmiş atraksionların təhlükəsiz işləməsinin təmin olunması məqsədilə texniki vəziyyətin qiymətləndirilməsi aparılıb.

Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov bildirib ki, atraksionlar ildə azı bir dəfə yoxlanılır: "Tərəfimizdən atraksionların hər birinə ayrılıqda baxış keçirilir və bütün atraksiyanların qeydiyyatı aparılır, sənədləri yoxlanılır, hansısa qəzalı vəziyyət olduqda dərhal müdaxilə edilir və problem aradan qaldırıldıqdan sonra insanların istifadəsinə verilir. Eyni zamanda atraksionlarda fəaliyyət göstərən işçilərin bilikləri yoxlanılır, müayinədən keçirilir daha sonra onlara sertifikatlar təqdim olunur".

S.Mənsimov qeyd edib ki, nəinki may ayı hətta il boyu atraksionlarda xəsarət alan olmayıb.