30 min manatlıq dələduzluq edən qadın SAXLANILDI - FOTO
    • 13-06-2022, 10:32
    • 307

30 min manatlıq dələduzluq edən qadın SAXLANILDI - FOTO

Vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Cinayət Axtarış İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini Şəlalə İsmayılova saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 000 manata yaxın pulunu mənimsəyib. Saxlanılan şəxs əməlini etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Şəlalə İsmayılovanın respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlər törətdiyi istisna olunmur.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Mingəçevir Şəhər Polis Şöbəsinə, eləcə də aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.