Azərbaycanın məlhəmi “tapılmayan” UŞAQPULU YARASI: Niyə verilmir?
    • 13-06-2022, 13:33
    • 900

Azərbaycanın məlhəmi “tapılmayan” UŞAQPULU YARASI: Niyə verilmir?

Azərbaycanda uşaqpulu verilməsi məsələsi daim gündəmdə olub. Bu mövzu ətrafında müxtəlif fikirlər, təkliflər səslənib. Ancaq hələ də bir çıxış yolu görünmür. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sonuncu dəfə 18 dekabr 2021-ci ildə media qurumlarının rəhbərləri ilə görüşü zamanı verdiyi açıqlama onu göstərir ki, uşaqpulu məsələsinin aktuallıq qazanması və bu istiqamətdə addımlar atılması çətindir: “Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur”.

Nazir əlavə edib ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul sayılmır: “Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq”.

Bəs, məsələ hansı formada həll olunmalıdır?

News24.az
-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Millət vəkili Fazil Mustafa bildirib ki, bütün uşaqlara 12 yaşınadək uşaqpulunun verilməsi zəruridir: “Müstəqil iqtisadçılarla apardığım müzakirədən gəldiyim qənaət odur ki, nəinki 100 manat, hətta daha yüksək məbləğ verməklə bu problemi həll etmək mümkündür. Şərt deyil ki, 18 yaşa qədər olan uşaqlara bu məbləğ verilsin. Bunu yaş kateqoriyasına da bölmək olar ki, ilkin 6, sonra isə 12 yaşadək olan uşaqlara verilsin. Uşaqpulunu daha çox iki kateqoriya insan tələb edir: Xüsusi iş yeri olmayan və gözünü uşaqpuluna dikən insanlar. Uşaqların sağlamlığına və təhsilinə bu pul xərclənməlidir. Kiməsə işsizliyinə görə uşaqpulu verilməməlidir. Uşağın inkişafı üçün bu pul dövlət büdcəsindən ayrılmalıdır”. 


Deputat korrupsiya hallarının bir çox sahədə özünü göstərdiyini və bunun uşaqpulu verilməməsi üçün əsas meyar hesab edilməsinin doğru olmadığını qeyd edib: “Korrupsiya cəhdlərinə görə insanların hüququnu pozmaq və ya bu hüququn gerçəkləşməsinin qarşısını almaq olmaz. Məsələnin çıxış yolu var və bunu reallaşdırmaq olar”.

İqtisadçı-ekspert Natiq Cəfərli saytımıza açıqlamasında məsələyə ümumi yanaşmanın doğru olmadığını deyib və təkliflərini irəli sürüb: “Azərbaycanda 2,8 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Nazirin illik statistikası doğrudur. Amma 10 illik konsepsiya yanaşması düzgün deyil. Bu, 10 illik və ya daha qısamüddətli konsepsiya ola bilər. Uşaqpulunun təyinatı ilə bağlı müddət dövlətin apardığı siyasətdən asılıdır. 10 ili 3 milyard manata vurub, 30 milyardlıq böyük rəqəmi təqdim etmək doğru deyil. Korrupsiya məsələsinin isə ümumiyyətlə, vətəndaşa aidiyyəti yoxdur. Dövlət öz işini elə qurmalıdır ki, korrupsiya olmasın. Hansısa sosial xidməti korrupsiyaya görə arxa plana atmaq absurddur”. 

O qeyd edib ki, uşaqpulu ilə bağlı insan faktoru olmadan elektronlaşdırılmış konsepsiya hazırlamaq olar: “Beynəlxalq praktikada da bu, mövcuddur. İnternetin və texniki imkanların geniş yayıldığı bir dövrdə belə bir praktikanın tətbiqinin ciddi problem olacağını düşünmürəm. Partiya olaraq keçən il uşaqpulu ilə bağlı təkliflər paketi hazırladıq və rəsmi qaydada əlaqədar qurumlara göndərdik. Təklifdə çox sadə və əsaslandırılmış bir mexanizm var idi. İlkin mərhələdə ailələrin ikinci uşaqlarına 100 manat vermək mümkündür. Azərbaycanda ailələrin təxminən 920 minə yaxın ikinci uşaqları var. Ölkəmizdə ikiuşaqlı ailələr daha çoxdur. İkinci uşağa 100 manat vermək təxminən ilə 1 milyard manat vəsait edir.


Dövlət büdcəsi çox rahatlıqla bu yükü qaldıra bilər. Sonrakı mərhələdə yeni doğulan uşaqlara birdəfəlik ödəniş, yaxud da ilkin ödəniş etmək olar. Bizdə bu göstərici çox aşağıdır. Azərbaycanda yeni doğulan hər bir uşağa birdəfəlik 2000 manat yardım göstərmək olar ki, heç olmasa, ailə uşağın illik xərclərini qarşılaya bilsin. Ölkənin gəlirlərində artım müşahidə edildiyi təqdirdə növbəti mərhələdə ailələrdə iki uşağa bu məbləğ verilə bilər. Hər ailədə iki uşağa bu məbləğ verilsə, bu, təqribən 1 milyon 4 yüz min nəfəri əhatə edəcək.  Bu məbləği 100 manatdan hesablasaq, bir ilə təxminən 1,7 milyard manat edir. Dövlət büdcəsi üçün bu məbləğ böyük pul deyil. Yəni müxtəlif təkliflər, versiyalar, mexanizmlər tapmaq olar. Məsələ o qədər də çətin deyil. Əsas odur ki, uşaqpulunun verilməsinə həvəs və siyasi iradə olsun”. 

N.Cəfərli onu da əlavə edib ki, uşaqpulunun heç verilmədiyini demək ədalətsizlik olar: “Sosial müavinət formasında müəyyən kateqoriyalı uşaqlara yardımlar edilir. Təxminən 580 min uşaq müxtəlif müavinətlər alır. Bunun adı “uşaqpulu” olmaya bilər. Ancaq hökumət bu pulu pərakəndə verməkdənsə, müavinətləri bir yerə toplayıb, normal proqram formasında, gözə çarpacaq şəkildə “uşaqpulu” kimi versə, əhalinin də məmnunluğuna səbəb ola bilər. Bütün uşaqların normal böyüməsi üçün bu, vacibdir”.