Ceyhun Bayramov BMT Baş Assambelyasının sədri ilə görüşdü - FOTO
    • 13-06-2022, 14:48
    • 363

Ceyhun Bayramov BMT Baş Assambelyasının sədri ilə görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən News24.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, beynəlxalq təşkilatın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qonağı salamlayaraq, BMT BA sədrlərinin Azərbaycana səfərinin artıq bir ənənəyə çevrildiyini qeyd edib. O, cari səfərin Azərbaycanın BMT üzvlüyünün 30-cu ildönümünə təsadüf etdiyini xüsusilə vurğulayıb. Nazir, dünyanın çox mürəkkəb bir dövrdən keçdiyi bir vaxtda BMT BA sədrliyini uğurla həyata keçirdiyi üçün cənab Abdulla Şahidi təbrik edib.

BMT BA Prezidenti Abdulla Şahid Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib. Sədr, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib. BA sədri Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. Abdulla Şahid Azərbaycanda, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində milli səviyyədə görülən işləri təqdir edib.

Tərəflər, BA sədrliyinin prioritet məsələləri, o cümlədən gənclərlə iş, iqlim dəyişikliyi, gender bərabərliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov BA sədrinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, minaların təmizlənməsi, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini söyləyib.

BMT BA sədri Abdulla Şahid Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin təqdirəlayiq olduğunu söyləyib.

Görüşdə tərəflər, həmçinin BMT gündəliyində qarşılıqlı maraq doğuran digər məsələlərini müzakirə ediblər.