Evli, yoxsa subay insanlar çox yaşayır?
    • 15-06-2022, 15:40
    • 849

Evli, yoxsa subay insanlar çox yaşayır?

Tədqiqatçılar evli, yoxsa subay insanların daha çox yaşaması ilə bağlı araşdırmalar aparıb. 

News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, mütəxəssislərin 15 il ərzində 50 yaşlı insanlar üzərində apardıqları araşdırmalardan məlum olub ki, evli insanlar subay insanlardan daha çox yaşayır. 

Araşdırmaçılar 15 il ərzində 50 yaşlarında olan yarım milyon asiyalının tibbi qeydlərinə baxıblar. Geniş araşdırmalar nəticəsində məlum olub ki, evli insanların ölüm riski subaylar ilə müqayisədə 15 faiz bədbəxt hadisələr, xəsarətlər və ürək xəstəliklərindən ölmə riski isə 20 faiz azdır. Xüsusilə, evli kişilər arasında ölüm göstəricilərində azalma müşahidə olunub. Buna səbəb isə evli kişilərin subaylara nisbətən daha az risk alması, qəza törətməkdən yayınmaları, spirt və narkotikdən uzaq olmaları düşünülür. Eyni zamanda, evliliyin "qoruma effekti" olduğu qənaətinə gəlinib. Yəni cütlüklər bir-birini tibbi yardım və müalicə almağa təşviq etdiyi üçün evli insanlarda vaxtından əvvəl ölüm riski subaylara nisbətən 15-20 faiz aşağıdır. Mütəxəssislər həmçinin qeyd edirlər ki, evlilik prosesi daha yaxşı maliyyə və sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynayır.

"JAMA Network Open" jurnalında dərc edilən nəticələr göstərir ki, subay insanların insult və anevrizma kimi serebrovaskulyar xəstəliklərdən ölmə ehtimalı evli insanlara nisbətən 12 faiz daha çoxdur. Alimlər evli olmayan insanların infarkt, ürək xəstəliyi və ürək çatışmazlığından ölmə riskinin 17 faizdən çox olduğunu təyin ediblər.

Araşdrımalar nəticəsində məlum olub ki, subay insanların qəza və ya yaralanma kimi xarici ölüm səbəblərindən ölmə ehtimalı evlilərə nisbətən 19 faiz, ağciyər xəstəlikləri və astma da daxil olmaqla tənəffüs xəstəliklərindən ölüm riski 14 faiz, xərçəngdən ölmə ehtimalı isə 6 faizdən daha çoxdur.

Tədqiqat zamanı o da müşahidə edilib ki, evli insanlar xərçəng, diabet və yüksək təzyiq kimi xəstəliklərdən əziyyət çəksələr də, daha uzunömürlü olurlar.