“Nəzarətsizlik “Tik-tok” tərbiyəli uşaqlar formalaşdırır”- EKSPERTDƏN AÇIQLAMA
    • 21-06-2022, 17:48
    • 644

“Nəzarətsizlik “Tik-tok” tərbiyəli uşaqlar formalaşdırır”- EKSPERTDƏN AÇIQLAMA

Son zamanlar bəzi gənclərin kriminal aləmə marağı, oğru dünyasında məşhur olanları özlərinə nümunə götürmək istəməsi halları artıb.  “Oğru aləmi”, “vorzakon”, “AUE” ,“razborka” və digər belə ifadələr məktəb yaşlı uşaqlar arasında dillər əzbərinə çevrilib. “Oğru dünyası”nın himni sayılan "Dolya vorobskaya" və ya bu tip başqa mahnılar da yeniyetmələr arasında fəxrlə səslənir.
Hətta 11-cilər “Son zəng” köynəklərinin belə üstünə xatirə yazısı olaraq kriminal aləmi ifadə edən nişanların şəklini çəkir, bədənlərinə döymə etdirirlər.


Bəs, yeniyetmələrin kriminal aləmə marağının artmasının səbəbi nədir?

News24.az bununla bağlı mütəxəssislərin fikirini öyrənib.

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov bildirib ki, bir çox amilin buna təsiri var. Sosial media da bunlardan biridir: “Yeniyetmələrin hazırda ən çox istifadə etdiyi sosial şəbəkə “Tik-tok” platformasıdır. Ora daxil olan zaman da qarşıya çıxan ilk video məhz kriminal aləmlə bağlıdır. Məktəblilərin isə düşüncələri hələ tam formalaşmadığından onlar müsbət informasiyalar almaq əvəzinə bu kimi məlumatlara daha çox maraq göstərirlər. Valideynlər də övladlarının nəyə baxdığına nəzarət etmir və nəticədə “Tik-tok” tərbiyəli uşaqlar formalaşır.
Eyni zamanda yeniyetməlik dövründə hər bir şagirdin özünə örnək götürdüyü, bənzəmək istədiyi qəhrəmana ehtiyacı olur. Bizim öz qəhrəmanlarımızı yetərincə tanıda bilməməyimiz nəticədə gənclərimizin bu cür “avtoritetlər”ə maraq göstərməsi, rəğbət bəsləməsinə gətirib çıxarır. 
Bu halların qarşısını almaq üçün biz müxtəlif addımlar atmalıyıq. Məsələn, milli qəhrəmanlarımızın animasiyalarını hazırlamalıyıq ki, şagirdlər onları daha yaxından tanısın və nümunə götürsün. Hazırda informasiya məkanımızda isə bu yoxdur. Bu cür qəhrəmanları biz yetərli qədər tanıda bilməmişik. 

Cəmiyyətimizin “filtr”ı olmalıdır....

“Ölkədə ifadə azadlığı var. Hər kəs istədiyi tərzdə musiqini və digər kontentləri istehsal edib yaya, özünə auditoriya toplaya bilər. Lakin bizim cəmiyyətimizin süzgəci olmalıdır. O süzgəc pisləri saxlayıb, yaxşı olanları keçirməlidir. Xüsusən, uşaqlarda bu formalaşdırlmalıdır ki, onlar hər gördüyünü mənimsəməsin, hər eşitdiyinə rəğbət bəsləməsin. Özünə məxsus yanaşması olsun. Əgər bu formalaşsa, düşünürəm ki, problemlər həllini müəyyən qədər tapacaq.

Təhsil  Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  da mövzuya münasibət bildirib. O qeyd edib ki, bu vəziyyətlə mübarizə təkcə Təhsil Nazirliyinin işi olmamalıdır: “ Bunun  qarşısını almaq üçün ailə, məktəb, media və nazirlik birgə fəaliyyət göstərməlidir. Bu, sadəcə bir qurumun işi ola bilməz”.