Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək
    • 1-07-2022, 15:00
    • 324

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İyulun 5-də “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva News24.az-a bildirib ki, Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə konfransda Xəzər dənizinin səviyyə tərəddüdləri və azalma səbəbləri, regional uyğunlaşma tədbirlərinin hazırlanması, birgə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Eyni zamanda, iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun bu ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konveniyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-ci sessiyasında təqdim etdiyi qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılacaq.

Xidmət rəisi qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdlərinə dair orta və uzunmüddətli müxtəlif proqnoz-ssenarilər mövcuddur. Bu baxımdan, daha realist ssenarinin seçilməsi, buna uyğun Xəzər dənizinin sahilyanı əraziləri üçün Uyğunlaşma Planının hazırlarmasında regional yanaşmanın tətbiq edilməsi sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məsələsinə baxılacaq.