"Repetitor xidmətinin hesabına məktəb direktorları VARLANIRLAR" - Deputatdan SƏRT İTTİHAMLAR - FOTO/VİDEO
    • 1-07-2022, 18:13
    • 10 195

"Repetitor xidmətinin hesabına məktəb direktorları VARLANIRLAR" - Deputatdan SƏRT İTTİHAMLAR - FOTO/VİDEO

“Bəzi müəllimlər dərsləri sinifdə yox, repetitor xidmətində daha yaxşı öyrədir. Niyə sinifdə yaxşı öyrətmirsiniz, repetitor olanda yaxşı öyrədirsiniz? Eyni müəllim deyilsiniz? Yaxud da, həmin kitab və ya həmin məktəb deyil? Buna görə də, valideynlər yoxsullaşır. Repetitorlara verilən pulu valideyn uşağının geyiminə və ya qidalanmasına xərcləyə bilər”.

Bu fikirləri News24.az-ın “Millət vəkilinə 5 sual” rubrikasının növbəti qonağı olan tanınmış təhsil eksperti, Milli Məclisin deputatı Etibar Əliyev deyib.

Müsahibəni təqdim edirik:

- Etibar müəllim, sizin təhsillə bağlı fikirləriniz çox vaxt gündəm olur. Elə gəlin, əvvəlcə müzakirələrə səbəb olan statusunuzla bağlı danışaq. O yazıda BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və BŞTİ-nin ümumi təhsil sektorunun müdiri Fuad Babayevin adını hallandırmısınız. Məsələni bir az aça bilərsinizmi?




- Bakı Şəhəri üzrə Təhsil İdarəsində çox ciddi qruplaşmalar var. Bu qruplaşmaların mərkəzi fiqurlarından biri Xəyalə Əhmədzadədir. Bu xanım çox yüksək havadarları sayəsində görün, neçə sahəni idarə edir?! 1-ci sinfə qəbul, Bakı şəhərində yerləşən bağçaların kurasiyası və orta təhsilin idarə olunması sahələrini qeyd edə bilərəm. 

Fuad Babayev 10-a yaxın adamını, çalışdığı məktəblərdəki direktor müavinlərini məktəb direktoru vəzifəsinə təyin etdirib. Necə oldu ki, bu şəxslərin heç biri imtahandan kəsilmədi? Elə qabiliyyətli adamlar var ki, imtahan verə bilmirlər. Yaxud da, imtahan verib, müsahibə mərhələsindən kəsiilirlər. Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinə aqronom ixtisası olan şəxsi rəhbər təyin ediblər. O şəxs də 2 il Soros xətti ilə xaricdə proqram keçib. Ən yaxşı əməkdar və ya ilin müəllimlərini kobud formada məktəblərdən kənarlaşdırırlar. Onlara bu ixtiyarı kim verib?! Millət vəkili kimi bu məsələ məni düşündürür. Bundan əlavə, rayonların birində regional idarəyə hərbçini təyin ediblər. İki rayona ixtisasca mühasib olan şəxslər təyin olunub. Orta təhsil mühasibatlıq deyil axı... Yalnız dostluq əlaqələri ilə kimlərisə təyin etmək təhsil üçün yolverilməzdir. Bunları nazirliyin, rəhbərliyinin diqqətinə çatdırsan, heç bir nəticə olmayacaq. Çünki heç bir ərizəyə, məktuba baxan yoxdur. Ona görə də düşündüm ki, bu məsələləri ictimailəşdirim. 


- Yəqin ki, məlumatlısınız. Şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verildi. Ancaq sosial şəbəkədə yayılan bir yazışmada müəllimin əməlindən peşman olmadığını və onu tənqid edənləri “sionist” adlandırdığını gördük. Bu məsələyə münasibət bildirməyinizi istərdim.

- Məktəb mühitinin pozulması məktəb idarəçiliyində yol verilən ciddi qüsurlarla və direktorların təsadüfi şəxslər olması ilə bağlıdır. Son iki ildə direktor təyin olunan şəxslərin fəaliyyəti yoxlanılmalıdır. Bu gün yaxşı çalışan məktəb müəllimlərə 65 yaş senzi müəyyənləşdirilib. Amma Bakı şəhərinin mərkəzində 80 yaşlı məktəb direktorları var. Məsələn, “Zəngi” liseyinin direktoru Almaz Əsgərova oranı dağıtmaqla məşğuldur. Onun 70-dən çox yaşı var. Bu ayrı-seçkilik qəti yolverilməzdir. Müəllimin şagirdlərə dini mahnı oxutması, 164 nömrəli məktəbdə "Georgi lenti" tədbirinin keçirilməsi göstərir ki, məktəblər düzgün idarə olunmur. 


- Məşhur alim Mark Breynin (Mark Bryan) “kölgə təhsili” adlandırdığı repetitorluq fəaliyyəti ölkəmizdə də geniş yayılıb. Görünən reallıq odur ki, şagirdlər dərsləri daha çox repetitor yanında öyrənirlər. Demək olar ki, artıq hər bir valideyn övladının diplom alması üçün bütün risklərə gedir. Valideynlər “təki diplom olsun” prinsipi ilə borc-xərc edib, övladlarını hazırlığa göndərirlər. Necə edək ki, şagirdlər dərsi repetitor yanında yox, məktəbdə, parta arxasında öyrənsinlər?

-Təhsilə ayrılan 3,2 milyard manat vəsaitin böyük bir hissəsi orta təhsilə xərclənir. Bu gün maraqlı qüvvələr var ki, uşaqlar məktəbə getməsin. Xüsusilə, 10 və 11-ci siniflər. Şagirdlər məktəbə getmədiyi təqdirdə valideynlər direktorlara külli miqdarda pul ödəyirlər. Uşaqlar məktəbdə olmalıdır. Şagirdlərin rejimi pozulub. Uşaqlar məktəbə gedəndə valideyn düşünürdü ki,  08:30-da məktəbdə olur, 13:30-da məktəbdən çıxır. Amma indi o proqram yoxdur. Bakı və rayonda yerləşən təhsil ocaqlarının əksər rəhbərləri sanki məktəbləri müəllimlərə icarəyə verirlər. Uşaqlar niyə gec saatlara kimi dərs oxumalıdır?! Niyə müəllim bilmir ki, bu proqram mənimsənilib, ya yox?!


Bəs, bu uşaq nə vaxt yatacaq, nə vaxt oyanacaq, nə vaxt yemək yeyəcək?! Dövlət babamın ödədiyi vəsaitin hesabına dərs keçilmir. Bəzi müəllimlər dərsləri sinifdə yox, repetitor xidmətində daha yaxşı öyrədir. Niyə sinifdə yaxşı öyrətmirsiniz, repetitor olanda yaxşı öyrədirsiniz? Eyni müəllim deyilsiniz? Yaxud da, həmin kitab və ya həmin məktəb deyil? Buna görə də valideynlər yoxsullaşır. Repetitorlara verilən pulu valideyn uşağının geyiminə və ya qidalanmasına xərcləyə bilər. Nə üçün dövlətin yaratdığı şəraitlərin içərisində repetitor fəaliyyəti bu qədər geniş vüsət alıb? Repetitor xidmətinin hesabına məktəblərdə direktorlar varlanırlar. 

- Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı bizə şikayətlər daxil olur. Bir çox müəllim hesab edir ki, bu məsələ baş qatmaq və pul qazanmaqdan başqa bir şey deyil. Bəs, sizcə, müəllimlərin sertifikasiyası uğurlu addımdır?


-Hesab edirəm ki, buna ehtiyac yoxdur. Müəllimlərin təkmilləşməsi və öz üzərlərində çalışmağa motivasiya yaratmaq üçün kifayət qədər təsisatlar var. Sertifikasiya müəllimlər arasında müəyyən həyəcan və ya qorxu hissləri yaradır.  Söhbət ondan gedir ki, təhsilə rəhbərlik edən şəxslər bütün orta məktəblərdə müəllimlərin keçdiyi dərsin keyfiyyətindən nisbi də olsa, xəbərdar olmalıdılar. 

- Etibar müəllim, tanınmış bir təhsil eksperti kimi fikirləriniz maraqlıdır, Azərbaycan təhsilində nələrin dəyişməsini istərdiniz?

-Azərbaycan təhsilində idarəetməni təkmilləşdirmək və sadələşdirmək lazımdır. Orta məktəblərə səlahiyyət vermək lazımdır. Bu gün bütün dünyada təhsilin yükü müəllimin üzərindədir. Müəllimin keçdiyi dərsin keyfiyyətinin yaxşılaşdırılması üçün müəyyən mexanizmlər düşünmək lazımdır. Azərbaycan müəllimi köhnə bilikləri verib, bununla da işlərini bitmiş hesab edirlər. Məsələn, tez-tez kitab mağazalarında oluram. Təəssüf ki, az sayda müəllimlərə rast gəlirəm. Onlar elə bilir ki, bilik bitib. Ancaq bütün dövrlərdə bilik yeni statusla ortaya çıxır.

P.S. Peşə etikasını əsas tutaraq, müsahibədə adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

MÜXBİR: Məhərrəm ƏLİYEV
VİDEO: Nicat NİFTƏLİYEV
FOTO:  Teymur MƏMMƏDOV