"Atası da o videoya görə uşağı döyüb" - İcra başçısının müavini
    • 15-07-2022, 14:20
    • 2 050

"Atası da o videoya görə uşağı döyüb" - İcra başçısının müavini

Xəbər verdiyimiz kimi, Azərbaycanda məktəbli fiziki zorakılığa məruz qalıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat paylaşıb.

Bu haqda mediaya danışan məktəblinin anası Ləman Camalova qızını Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın döydüyünü iddia edir: “O,  qızımı attestat vermək adı ilə evinə çağıraraq, döyüb və fiziki zorakılıq göstərib. Əgər araşdırsanız, onun burda hansı işlərlə məşğul olduğunu görəcəksiniz. Uşağıma həm mənəvi, həm də fiziki zorakılıq edib. Uşaq çox pis vəziyyətdədir. Hətta dünən özünə qəsd etmək istəyirdi. Sadəcə, o xanımın hərəkətlərinə ad tapa bilmirəm".

Sözgedən məsələ ilə bağlı Rasilə  Əliyeva ilə əlaqə saxldıq. Məsələ ilə bağlı News24.az-a açıqlama verən R.Əliyeva ittihamların əsassız olduğunu bildirdi: “Deyilənlərin hamısı yalandır. Məsələni araşdırmadan məni ittiham edirlər. O ailənin özündə videolar var. O videolar da valideynlər tərəfindən göndərilib. Videonu göndərən valideynlər kənarda qalıb, mənim adım ortada hallanır ki, mən vəzifədəyəm. Eşitdiyimə görə, anasında video var. Atası da o videoya görə uşağı döyüb. Mənim başqa heç bir məlumatım yoxdur.  Mən hardan bilim, onu kim döyüb?! Vəzifədəyəm deyə mənim üstümə düşməlisiniz?  Sonrası da deyirlər, evimə çağırmışam, filan. O uşağın mənim evimdə nə işi var? Bəyəm attestatı mənim evimdə verirlər? Biz Təhsil Nazirliyinin işinə müdaxilə edirik?” 

R.Əliyeva bildirib ki, uşaq sinif qızları adından başqalarına mesaj yazıb: “O uşağın psixoloji durumu yerində deyil. Bununla bağlı məktəb direktoru tədbir görməlidir. O uşağı məktəbdən uzaqlaşdırmalıdırlar. Mənim üstümə gəlməkdənsə, qoy araşdırsınlar, maraqlansınlar o uşaq kiminlə yaşayır?! Ata-anayla qalır, ya yox?”