Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib
    • 15-07-2022, 15:14
    • 274

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

İyulun 15-də müəllimlərin işə qəbulu üzrə test imtahanlarının izlənilməsi məqsədilə Azərbaycan Texniki Universitetinin idman kompleksinə infotur təşkil edilib.

Təhsil Nazirliyindən News24.az-a bildirilib ki, nazir müavini Muxtar Məmmədov infotur iştirakçılarına cari ildə müəllimlərin işə qəbulu prosesində tətbiq edilən yeniliklər barədə məlumat verib. Nazir müavini bildirib ki, müəllim tədris etdiyi fənn üzrə yaxşı biliyə malik olmalı və biliyini şagirdlərə düzgün çatdırmağı bacarmalıdır. Test imtahanı suallarının təhlilinə toxunan nazir müavini bu prosesin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra təhsilverənlərin sertifikasiya prosesindən danışan Muxtar Məmmədov müəllimlərin bu yöndə məlumatlandırılmasının vacibliyini vurğulayıb, bu prosesin əsas məqsədinin müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsindən ibarət olduğunu deyib.

İnfoturda iştirak edən deputatlar da öz növbəsində təhsil sahəsində aparılan yeniliklərdən, cəmiyyətdə müəllim peşəsinin nüfuzundan danışıblar. Həmçinin təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən söz açılıb, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərə toxunulub.

Qeyd edək ki, iyulun 14-dən start verilən müəllimlərin işə qəbulu imtahanları bu ayın 22-dək davam edəcək. Test imtahanı mərhələsində 54 745 namizədin iştirakı nəzərdə tutulur. Müsabiqə ölkə üzrə 10 şəhərdə təşkil olunmuş 15 imtahan mərkəzində keçiriləcək.

İmtahanların ikinci günündə Azərbaycan dili və ədəbiyyat fənni üzrə ümumilikdə 9257 nəfərin iştirakı gözlənilirdi.