“Gəlinin toyda oynaması mütrüblük və ayıbdır” – Xalq artistindən ŞOK AÇIQLAMA
    • 2-08-2022, 10:31
    • 3 093

“Gəlinin toyda oynaması mütrüblük və ayıbdır” – Xalq artistindən ŞOK AÇIQLAMA

“Mənim dövrümdəki rəqqas və rəqqasələr pulu yox, rəqsi, sənəti sevirdi. Amma indikilər pulu sevir. Gedirlər toylarda ucuzlaşdırırlar. O vaxtın rəqslərində lirika çox idi. İndiki rəqslərdə atlanıb-düşmək çoxdur”.

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti, 94 yaşlı xoreoqraf-baletmeyster Roza Cəlilovanın “Report”a müsahibəsində deyib. Sənətçi rəqqas və rəqqasələri toya getməsinə də münasibət bildirib:

“Əgər ciddi adamdırsa, sənətkardırsa, rəqsi sevirsə, toya getməməlidir. Bu dəhşətdir. Toyun öz kollektivi var. Toy adət-ənənə, şənlik, arzudur. Amma sənətkar rəqqasə pula görə toya getməz. Ancaq səhnədə olar. Toy meydanında yox. İxtiyarı yoxdur. Çünki toylarda içkili adamlar olur, rəqqas isə ciddi sənətlə məşğuldur. Mən heç öz qızımın toyunda oynamamışam. Çox xahiş etdilər, olmaz dedim”.

Roza Cəlilova bəy və gəlinin öz toyunda milli rəqs etməsi üçün dərslər almasından da danışıb:

“Əslində, yaxşı əlamətdir. Deməli, gənclərimiz artıq başa düşürlər ki, milli rəqslərimizi ifa etməyi bacarmalıdırlar. Çünki bu bizim mədəniyyətimizdir. Amma digər tərəfdən bəzən mənə zənglər olur. Deyirlər “Roza xanım bizə rəqs öyrədin”. Dedim, ayıb olsun sizə. Bizim vaxtlarda toyda gəlin utandığından başını yuxarı qaldırmırdı. İndi çıxıb oynayırlar. Bu, mütrüblükdür. Ayıbdır, gəlin utanar. İndi “ləzginka” oynamaq istəyirlər. Başa düşürəm, müasir dövrdür. Ancaq gəlinlər gərək “Uzundərə”, “İnnabı”, “Naz-naz” oynasın. Yoxsa “ləzginka”, atlanıb-düşmək olmaz. Belə şeyə normal baxmaq olmaz”.