"Həm un, həm də çörək bahalaşacaq" - Natiq Cəfərli
    • 8-08-2022, 17:25
    • 1 553

"Həm un, həm də çörək bahalaşacaq" - Natiq Cəfərli

"Qlobal bazarda qiymətlərin artması və Azərbaycanın idxaldan, yəni xaricdən gətirilən buğdadan asılı olması yerli bazarda qiymətləri qaldıracaq. Həm unun, həm də çörəyin qiymətində növbəti artımları görə bilərik". 

Bunu News24.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, Azərbaycan ehtiyacı olan buğda ehtiyatının 25 faizini təmin edə bilir. Yerdə qalan hissə isə xarici bazardan alındığı üçün qlobal bazardakı bahalaşma Azərbaycanda da un və çörəyin qiymətinə təsir edir: "Dünyada buğdanın qiymətində kəskin artım müşahidə olunur. Bir müddət əvvəl bahalaşma daha çox idi. Ukraynanın taxıl ixracına başlaması ilə bu artım nisbətən tənzimləndi. Qiymətlər keçən ilə nisbətən, xüsusən 2019-cu illə müqayisədə 2.5-3 dəfə artıb. Unun bahalaşması birbaşa un məhsullarının, ən əsas isə çörəyin bahalaşmasına gətirib çıxaracaq". 

İqtisadçı hesab edir ki, çörəyin qiymətinin kəskin artımı müşahidə olunmayacaq: "Ölkəmizdə əhalinin çörəyin qiymətinə həssas olduğunu nəzərə alsaq, onun qiymətində yox, çəkisində dəyişiklik görə bilərik. Ola bilər ki, bəlli bir dönəm çörək eyni qiymətə, lakin az çəki ilə satılsın".

Millət vəkili, iqtisadçı Vüqar Bayramov isə idxal infilyasiyasının qaçılmaz olduğunu deyir: "Xüsusən ərzaq məhsullarının qiymətində artım müşahidə edirik. Un məshullarının qiymətinin artması isə dünya bazarındakı qiymətlərdən və bizim idxal etdiyimiz məhsulların qiymətindən asılı olacaq. Lakin istənilən halda idxal infilyasiyası qaçılmazdır. Bu, Azərbaycan istehlak bazarında da müşahidə olunacaq. Rusiyanın taxıl ixracatını tənzimləmısi ilə bağlı qərarı da Azərbaycana daxil olan taxılın həcminə birbaşa təsir göstərir. Ona görə dünya bazarında taxılın bahalaşması Azərbaycan üçün idxal infilyasiyası yaradır."

İqtisadçı bahalaşmanın səbəbinə də aydınlıq gətirib: "Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra taxılın qiymətində kəskin artımlar var. Müharibə səbəbindən Ukrayna ilkin şumlama və biçin işlərini tam həcmdə apara bilmədi. Nəticədə taxılın dünya bazarına çıxarılmasında müəyyən müddət yubanmalar oldu və bu səbəbdən də taxıl kəskin bahalaşdı. Bir müddət əvvəl Qara dəniz vasitəsilə Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı anlaşmadan sonra taxılın qiymətində 3 faizə qədər azalma müşahidə olundu. Bunula belə uzun müddətli dövr üçün taxılın qiymətində qiymətlərin artımı gözləniləndir".

Vüqar Bayramov
qeyd edib ki, payızda taxılın və unun qiymətinin dəyişməsi birbaşa dünya bazarındakı qiymətdən asılı olacaq: "Nazirlər Kabineti çalışır ki, anti-inflyasiya tədbirləri çərçivəsində dünya bazarında gedən proseslərin Azərbaycanın istehlak bazarına olan təsirlərini minimuma endirsin".

Qumral Əliyeva