Paşinyan Rəisiyə Azərbaycanla bağlı nələr deyib?
    • 11-08-2022, 11:25
    • 370

Paşinyan Rəisiyə Azərbaycanla bağlı nələr deyib?

Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. 

News24.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, onlar regional inkişaf və təhlükəsizlik çağırışları ilə bağlı məsələləri müzakirə ediblər. Nikol Paşinyan İran prezidentinə Ermənistanla Azərbaycan arasında baş verən son sərhəd insidentlərinin təfərrüatları barədə danışıb. Regionda sabitliyin və sülhün bərqərar olması kontekstində Nikol Paşinyan 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin tam icrasının vacibliyini vurğulayıb.

İran prezidenti son günlər Cənubi Qafqazda baş verən gərgin insidentlərə toxunaraq, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneyinin Rusiya və Türkiyə prezidentləri ilə bu yaxınlarda keçirdiyi görüşdə verdiyi bəyanatı xatırladıb. Bildirib ki, Xameneyi İranın  Qafqaz regionunda öz sərhədlərinə həssas yanaşdığını və onları dəyişdirmək yönündə istənilən cəhdə qarşı çıxacağını bildirib.

Tərəflər ikitərəfli münasibətlərə dair də fikir mübadiləsi aparıb, onların yaxınlaşmasının vacibliyini vurğulayıblar.

Nikol Paşinyan Ermənistan-İran əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və qeyd edib ki, Ermənistan iki ölkə arasında yüklərin tranzitini maksimum dərəcədə stimullaşdırmağa və infrastruktur, o cümlədən yol, enerji və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

İran prezidenti iki ölkə arasındakı əlaqələri "tarixi və dərin əlaqələr" adlandırıb və Ermənistan-İran davamlı iqtisadi əməkdaşlığının səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

Nilay Nurəli