Hicama zamanı nələrə diqqət etməli? - Həkim məsləhəti
    • 11-08-2022, 17:14
    • 1 937

Hicama zamanı nələrə diqqət etməli? - Həkim məsləhəti

İnsanlar səhhətində problem yarananda müalicəni, şəfanı həkimdən qabaq loğmanda, dərman terapiyasından əvvəl xalq təbabətində axtarırlar. Təbii məhsullardan və el arasında geniş yayılmış müalicə üsullarından istifadəyə xüsusi üstünlük verirlər. Nəfəs yolları xəstəliklərində razyana çayı, öskürəkdə heyva toxumu, soyuqdəymədə moruq, zoğal, qanazlığında çiyələk, mədə-bağırsaq ağrılarında bal yada düşür.
 

Bu təbii üsullardan biri də ildə bir dəfə qan almaqdır. Qədim zamanlardan türkəçarə kimi tətbiq olunan qanalma insanların ən çox üz tutduğu müalicələrdən biridir. Bu üsul "hicama", "hacamat", "həcəmət", "küpə" müalicəsi kimi müxtəlif adlarla məşhurdur.

İnsanlar "Hicama"nın bir çox xəstəliklərdən qurtulmaq üçün ən effektiv üsul olduğuna inanırlar. 

"Hicama", yaxud "Hacamat" deyilən bu üsulunun faydaları və ziyanları varmı? Bu müalicə metodunda qanalma necə həyata keçirilir?

News24.az bu sualların cavabını axtarıb.

Bu barədə saytımıza danışan mütəxəssis Faiq Muradlı bildirir ki, dalaq, qara ciyər, ümumiyyətlə qanla işləyən bütün orqanların təmizləyib sidik, bəlğəm, tərlə ata bilmədiyi toksiklər hicama vasitəsilə bədəndən xaric olunur: "Hicama bütün bədəni yeniləyir. Bədəndə olan zəhərli maddələr hicama vasitəsilə xaric olunur. 
 
Hicamanın edilib-edilməməsi isə müayinə zamanı müəyyənləşir. Hicama etmək istəyən şəxslərin şəkəri, təzyiqi, ruh halı, daha əvvəl keçirmiş olduğu xəstəliklər, çəkisi nəzərə alınır. Bu, pasientlə fərdi söhbət zamanı müəyyən olunur. Bundan sonra xəstənin çəkisinə, keçirdiyi xəstəliklərə görə hicama təyin olunur. 

Hicama müalicəsi quru və yaş olmaqla 2 növə bölünür. El arasında "banka qoymaq" dediyimiz proses quru hicamadır. Bu əsasən qan azlığı olan xəstələrə tətbiq olunur".

Mütəxəssis hicama edərkən, diqqət etməli olduğumuz məqamalara da toxunub: "İstənilən xəstəliyin ən ağır fazasında hicama etmək olmaz. Anemiyası olan, qan azlığından əziyyət çəkən şəxslərə isə ümumiyyətlə, bu müalicə üsulu məsləhət görülmür. Hicama ayaq və başqdan daha çox bədəndən olunsa, daha yaxşıdır".

Faiq Muradlı əlavə edib ki, əgər mütəxəssis prosesi düzgün həyata keçirərsə, heç bir əks- təsirdən söhbət gedə bilməz: "Bizə həkimlər, alimlər, ziyalı şəxslər də müraciət edir. 

Əgər mütəxəssis pasientin öncəki xəstəliklərini düzgün müəyyən edib buna əsasən, müdaxilə edirsə, o zaman heç bir ək-təsir yaranmayacaq".

Bəs, tibb hicama haqqında nə deyir? 

Terapevt Sübhan Hacıyev bildirir ki, müasir, sübuta yetirilmiş tibbdə "Hicama" deyə bir müalicə proseduru mövcud deyil: "Hicama qanalma prosedurunun ən bəsit növüdür. Dərinin müxtəlif nahiyələrində müəyyən kəsiklərlə aparılan prosesdir. Kəsiklərdən qan sovrulur və kapilyar qan dövranında yenilənmə gedir. Təbii ki, xeyirləri də var. Yüksək təzyiqdə, baş ağrılarında, qanda dəmirin miqdarı həddən artıq çox olanda "Hicama" etmək olar. Ancaq tibbdə qan almanın daha effektiv metodları var. "Hicama" əvəzinə qan vermək daha faydalıdır".

Həkim "Hicama" zamanı gigyena məsələsinə də toxunub: "Qan almaq üçün açılan kəsik dəri infeksiyalarının yaranmasına zəmin yaradır. Ona görə də yaxşı olar ki, dəri xəstəliyi olan insanlarda bu prosedur aparılmasın. Həkim olaraq məsləhət görərdim ki, insanlar öz qan və qanın laxtalanması dəyərlərini bilmədən, həkim tövsiyəsi olmadan "hicama" etməsinlər".

Qumral ƏLİYEVA