Azərbaycanla Qazaxıstan humanitar və təhsil sahəsində əməkdaşlığı gücləndirir - Vüqar Bayramov
    • 25-08-2022, 14:04
    • 394

Azərbaycanla Qazaxıstan humanitar və təhsil sahəsində əməkdaşlığı gücləndirir - Vüqar Bayramov

“Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azəbaycana rəsmi səfərə gəlib. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə iki ölkə arasında əməkdaşlıq sənədləri imzalanıb”.

News24.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. 

Millət vəkili qeyd edib ki, Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq potensialı kifayət qədər yüksək qiymətləndirilir:

“Əməkdaşlığın dərinləşməsi özünü ticarət dövriyyəsində də əks etdirməkdir. Belə ki, 2020-ci ildə ölkələr arasında dövriyyə 25.9 milyon dollar olmuşdursa, ötən il qarşılıqlı ticarət 135 milyon 799 min dollaradək yüksəlib. Bu ilin ilk yarısında isə iki ölkə arasında ticarət dövriyyəsi 326 milyon 673 min dollar olub. Göründüyü kimi, iki Türk dövləti arasında xarici ticarət dövriyyəsində son il yarımda kəskin artımlar qeydə alınıb”.

V.Bayramov bildirib ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfərindən sonra tərəflərin qeyri-neft sektorunda, o cümlədən nəqliyyat və kommunikasiya sahələrində daha geniş əməkdaşlıq edəcəyi gözlənilir:

“Tərəflər eyni zamanda humanitar və eləcə də təhsil sahəsində əməkdaşlığı gücləndirirlər. Qazaxıstan şirkətləri işğaldan azad olunan ərazilərimizdə də sərmayə qoyluşunda maraqlıdırlar. Artıq 65-dən çox Qazaxıstan şirkətinin müraciəti də məhz bu istəyi bir daha təsdiq edir. Türk dünyası daha da sıx əməkdaşlıq mərhələsinə qədəm qoyur. Etiraf etmək lazımdır ki, Türk dövlətləri arasındakı əməkdaşlığın güclənməsində Azərbaycanın xüsusi rolu var. Azərbaycan Prezidentinin Özbəkistana səfəri və daha sonra Qazaxıstan rəhbərinin ölkəmizə gəlməsi və liderlər arasındakı telefon danışıqları da Türk dünyasında əməkdaşlıq üçün mövcud imkanlardan daha geniş istifadə olunacağından xəbər verir”.