"Yağışlı hava şəraiti ilə əlaqədar qəzaların sayı artıb" - Araz Əsgərli
    • 7-09-2022, 13:26
    • 277

"Yağışlı hava şəraiti ilə əlaqədar qəzaların sayı artıb" - Araz Əsgərli

"Dünən paytaxt ərazisində çiskinli hava şəraiti ilə əlaqədar olaraq ölümlə, piyada vurma ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verməyib".

Bunu News24.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, baş inspektor, mayor Araz Əsgərli deyib.

O bildirib ki, dünən paytaxt ərazisində bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Lakin onlar maddi ziyanla yekunlaşan yüngül toqquşma hadisələri olub: " Dünən Bakı şəhəri ərazisində dumanlı, çiskinli hava ilə əlaqədar bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Bunlardan toqquşmalar üstünlük təşkil edir. Ağır nəticələrə yol açan hər hansı nəqliyyat hadisələri baş verməyib. Hava şəraiti ilə bağlı baş verən qəzalarda ölüm faktı da qeydə alınmayıb". 

Bölmə rəisinin sözlərinə görə, uzun müddətli fasilədən sonra hava şəraitinin pisləşməsi sürücülər üçün gözlənilməz olub. Onların payıza hazırlıqsız olmaları isə ötən günkü sıxlığa səbəb olub: " Hava yağışlı, çiskinli olanda nəqliyyatın hərəkət sürəti aşağı düşür, sürücülərin görmə dairəsi məhdudlaşır. Uzun zamandan sonra yağış yağması ,əlbəttə, hərəkət sürətinə təsir etdi. Yüksək sürətli yollarda istər-istəməz sürüşmə, ara məsafəsinin gözlənilməsi baxımından sürət aşağı enir. Bu normal haldır. Sıxlıqlar isə havanın anidən dəyişməsi səbəbindən yarandı. Sürücülər avtomobilləri normal hava şəraitində idarə etməyə alışmışdı. Artıq sürücülər də bilməlidir ki, payız fəslidir və diqqətli olmalıdırlar".

Baş inspektor qeyd edib ki, dünən  BŞDYPİ gücləndirilmiş iş rejimində çalışıb. Şəhərin qaynar küçə və prospektlərində piyadaların rahat hərəkətini təmin etmək üçün BŞDYPİ  əməkdaşlarına xüsusi göstərişlər verilib.

Qumral Əliyeva