Şamaxıda oğurluq və narkotik cinayətlərinə görə 7 nəfər tutulub
    • 10-09-2022, 16:01
    • 368

Şamaxıda oğurluq və narkotik cinayətlərinə görə 7 nəfər tutulub

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində rayon ərazisində silsilə oğurluq hadisələri törədən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 7 nəfər tutularaq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayon ərazisində qaz borularının, dəmir elektrik dirəkləri və naqillərin oğurlanması ilə bağlı polis şöbəsinə aidiyyəti qurumlar tərəfindən müraciətlər daxil olub. Aparılan araşdırmalar zamanı cinayət hadisələrinin eyni şəxslər tərəfindən törədildiyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri, əvvəllər məhkum edilmişlər-Famil Hümbətov, Tural Daşdəmirov və Fərid Atakişiyev tutularaq istintaqa təhvil veriliblər. Həmin şəxslər ifadələrində törətdikləri əməlləri etiraf ediblər.

Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şamaxı rayon sakinləri – əvvəllər də törətdiyi cinayətə görə elektron qolbaqla təchiz edilmiş İmran Şıxalıyev, Tərlan Atakişiyev,Natiq Behruzi, eləcə də Göyçay sakini Pərviz Abdullayev tutulub. Onların hər birindən ayrı-ayrılıqda heroin və metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. 

Faktlarla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.