Ekspert: Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?
    • 15-09-2022, 14:25
    • 397

Ekspert: Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

Bildirdiyimiz kimi, güzəştli mənzillərin satışı yenə baş tutmadı.

News24.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Baxıram, bir çoxları yazıblar ki, MİDA sistemi çöküb. Bu doğru deyil. Çökən MİDA-ya qədər olan sistem - Asan Login sistemidir. Əslində çökmək də demək olmaz, sadəcə, cavabdeh şəxslər satışdan öncə müəyyən ediblər ki, Asan Loginə edilən müraciətlər normalda olduğundan kəskin artıb. Onlar da doğru olaraq bunu kiber hücum olaraq dəyərləndiriblər və satışı məqbul hesab etməyiblər. Yəni satışın dayandırılması təklifini Asan Loginə cavabdeh qurum, Elektron Hökumətin İnkişafı Mərkəzi , onun səlahiyyətli nümayəndəsi verib.

Yeri gəlmişkən, satış prosesinə az qalmış eGov Mərkəzin rəsmi nümayəndəsinin rəsmi açıqlama verərək problemin MİDA-da deyil , Asan Logində olmasını bildirərək rəngi qaçmış və bir qədər də yazıq görkəmdə olan MİDA nümayəndələrini "xilas" etməsini müşahidə etmək də bir ayrı məsələ idi.

Problem hardadır? Anlaşılmaz odur ki, nə üçün dövlət resursuna ola biləcək təhdid, kiber hücum öncədən nəzərə alınmayıb. Kiber hücum haradan olub, daxildən, ya xaricdən ? Bunun ötən satışın ləğvi ilə hər hansı əlaqəsi varmı? Bəlkə də Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlıdır?

İndi adi bir proqramçı da pulsuz resurslardan istifadə edib DDoS hücum təşkil edə bilərsə görəsən nə üçün məsul şəxslər bunu nəzərə almayıblar ? İndi bu tip hücumları zərərsizləşdirməyin heç bir problem olmadığı bir zamanda aidiyyatı qurumların səhlənkarlığı təəssüf doğurur”.