Türkiyə-Azərbaycan əlaqələrinin dünəni və sabahı: Bakıda simpozium keçirildi - VİDEO
    • 16-09-2022, 18:19
    • 578

Türkiyə-Azərbaycan əlaqələrinin dünəni və sabahı: Bakıda simpozium keçirildi - VİDEO

Sentyabrın 15-də Bakıda Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfi və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Mədəniyyət Nazirliyinin və News24.az-ın informasiya dəstəyi ilə “Köklü keçmiş, güclü gələcək – Türkiyə-Azərbaycan əlaqələrinin dünəni-sabahı” adlı simpozium keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Türkiyənin və Azərbaycanın tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

News24.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Tədbiri giriş sözü ilə açan Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri professor Aygün Attar tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümünün qeyd olunması, Türkiyə və Azərbaycan əlaqələrinin dünəni, bu günü və gələcəyi ilə bağlı müzakirələrin aparılması, həmçinin son günlər Ermənistanın törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsinin anılmasıdır. O, son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı məlumat verib, Ermənistanın törətdiyi təxribatın cavabsız qalmadığını qeyd edib. Deyib ki, hazırda xalqımız həm acı, həm də qürurlu günlərini yaşayır. Çünki şanlı Ordumuz Vətən torpaqlarına göz dikən, hər cür beynəlxalq prinsiplərə zidd olaraq, Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən Ermənistana lazımi cavabı verib.


Aygün Attar 104 il əvvəl – 1918-ci il sentyabrın 15-də Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsindən danışıb. Diqqətə çatdırıb ki, bu, ölkəmizin qurtuluş tarixidir. İkinci Qarabağ müharibəsinə də toxunan A.Attar Türkiyə hökumətinin və millətinin ölkəmizin haqq savaşında Azərbaycanın yanında olduğunu və hər zaman onun haqlı mövqeyini dəstəklədiyini qeyd edib.

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxışında bildirib ki, 104 il əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycanın səsinə səs verdi, Azərbaycan-Türkiyə qardaşlığının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

T.Rüstəmxanlı deyib ki, 44 günlük Vətən müharibəsindən sonra hər kəs Azərbaycan-Türkiyə birliyinin Türk dünyasının ümidi olduğunu gördü. O qeyd edib ki, Azərbaycan və Türkiyə bayraqları heç zaman enməyəcək, ölkələrimizin birliyi daimi olacaq.


“Azərbaycan Türkiyə Evi tərəfindən Türkiyə və Azərbaycanın elm adamları arasında əlaqələrin genişləndirilməsi üçün elmi simpoziumlar təşkil edilir. Belə tədbirlər çərçivəsində elm xadimləri arasında aparılan fikir mübadilələri iki qardaş ölkənin münasibətlərini daha da gücləndirəcək”, – deyə o qeyd edib.

Sonra çıxış edən Milli Məclis sədrinin müavini Fəzail İbrahimli qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanın 1918-ci il sentyabrın 15-də Bakının daşnak-bolşeviklər tərəfindən işğalına son qoyulduğunu xatırladıb. O deyib: “O dövrdə Azərbaycanın tək güman və güvən yeri Türkiyə idi. Ancaq digər ölkələr Türk qoşunlarının Azərbaycana girişinə maneə yaradırdı. Hətta bolşevik Rusiyası Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə Almaniya ilə müqavilə imzalamışdı. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilməmişdi. Bütün maneələrə baxmayaraq, qardaş Türkiyənin göstərdiyi dəstəklə Bakı işğaldan azad olundu”.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Azərbaycan üzrə koordinatoru Fatih Yılmaz bildirib ki, 104 il əvvəl qazanılan Bakı zəfəri müstəqilliyimizin bu gününə də işıq salır.

O vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr dünyada bənzəri olmayan qardaşlıq münasibətləridir. Bu birliyi ulu öndər Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” kəlamları ilə ifadə ediblər.

F.Yılmaz qeyd edib ki, TİKA iki ölkə arasındakı münasibətlərin inkişaf etməsinə töhfə vermək məqsədilə 30 ilə yaxındır fəaliyyət göstərir. Onun sözlərinə görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm və digər sahələrdə münasibətlərin daha irəliyə aparılması üçün çalışır.


Atatürk Mədəniyyət, Dil və Tarix Baş İdarəsi sədrinin köməkçisi Yüksel Özgen Azərbaycan və Türkiyənin sevincini və kədərini tarix boyu birlikdə yaşadığı üçün bir-birinə bu qədər yaxın olduğunu, bu səbəbdən də ölkələrimizin bu mövzuda bir-birini yaxşı anladığını söyləyib. O, Azərbaycanın və Türkiyənin gücünü uzaq keçmişindən və birgə gələcəyindən aldığını diqqətə çatdırıb.

Yüksel Özgen Atatürk Araşdırma Mərkəzi tərəfindən “Türk dünyası Ensiklopediası”nın hazırlandığını qeyd edib. Bildirib ki, vizual ensiklopediya “Türk dövlətləri”, “Türk dövlət adamları” və “Türk dünyasının ortaq mədəniyyəti və sivilizasiyası” alt başlıqları ilə bu ilin sonunadək istifadəyə veriləcək. Onun sözlərinə görə, bu ensiklopediya Türk dünyasının ortaq gələcəyində vacib yer alacaq. Sonra simpozium panel müzakirələri ilə davam edib.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlının moderatorluğu ilə keçirilən birinci paneldə deputatlar Arzu Nağıyev və Ramil Həsən, türkiyəli professor İbrahim Ethem Atnur və türkiyəli dosent Oğuzhan Bilgin çıxış ediblər. Paneldə “Azərbaycan-Türkiyə parlament münasibətləri”, “Tarixin aynasından Türklərin Zəngəzur məsələsi”, “Qafqaz İslam Ordusu Şuşa Bəyannaməsinin təməl daşıdır” və “Türkiyə-Azərbaycan münasibətlərinin ictimai diplomatiya ölçüsü” mövzuları müzakirə olunub.

Türkiyəli professor Nejat Boranın moderatorluğu ilə keçirilən digər paneldə isə ehtiyatda olan polkovnik Atilla Gürel, türkiyəli professorlar Mustafa Budak, Selma Yel, Ünsal Dönmez və Yalçın Sarıkaya çıxış ediblər. Panel müzakirələrində “Qafqaz İslam Ordusunun quruluşu”, “Qafqaz İslam Ordusunun quruluşunda Nuru Paşanın rolu”, Şuşa Bəyannaməsi çərçivəsində Qafqaz İslam Ordusuna baxış” və “Türkiyə-Azərbaycan əlaqələri hüquqi müstəvidə” mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Məhərrəm Əliyev
Foto: Teymur Məmmədov
Video: Nicat Niftəliyev