KTMT-dən Paşinyana ŞİLLƏ kimi cavab: "Ermənistan niyə istədiyini ala bilmir?"
    • 16-09-2022, 18:43
    • 638

KTMT-dən Paşinyana ŞİLLƏ kimi cavab: "Ermənistan niyə istədiyini ala bilmir?"

Sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik davam edir. Tərəflər arasında atəşkəsin elan edildiyi bildirilsə də rəsmi İrəvan təxribatlara son vermir. 

Prinsip etibarilə, hazırda baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir.  

Bunu Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan tərəfinin zərbələr endirməsi və rəsmi İrəvanın dərhal KTMT-yə müraciət etməsi də təsdiqləyir.

Ermənistan 2020-ci ildə olduğu kimi KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini əsas gətirib təşkilatı prosesə cəlb edərək mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək istəyirdi. Maraqlıdır ki, rəsmi İrəvanın bu cəhdi də eynilə 2020-ci ildə olduğu kimi fiasko ilə yekunlaşdı. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın müraciəti əsasında videokonfrans vasitəsilə növbədənkənar iclas keçirdi və İrəvanı KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinin icra tələbini rədd etdi. Bununla belə təşkilat sadəcə Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib.

KTMT-nin növbəti dəfə Ermənistanın tələbini rədd etməsinin bir neçə səbəbi var:

Birincisi, Ermənistanın təşkilatdan tələb etdiyi KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinin icrası üçün real əsas yoxdur. Məsələ ondadır ki, həmin bənd təşkilat üzvlərindən birinə kənar ölkənin müdaxiləsi zaman keçərlidir. Mövcud situasiya isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı sonrasında yaranıb. 

Rəsmi Bakının təxribat sonrası davam edən unikal cavab əməliyyatı özünümüdafiə xarakterlidir və bu beynəlxalq hüququn normalarına uyğundur.

İkincisi, KTMT üzv olan ölkələr hər biri bu gün Azərbaycana Ermənistandan böyük önəm verir. Xüsusilə Qazaxıstan, Qırğızıstan və Tacikistan. Təsadüfi deyil ki, Ermənistanın müraciətinə hər üç ölkə xüsusilə etiraz edib və Azərbaycan əleyhinə veriləcək qərara dəstək verməyəcəklərini bildiriblər. Bundan sonra Mərkəzi Asiya dövlətlərinin fikri ortaq qərar kimi qəbul edilib. 

Üçüncüsü, hazırda Ermənistan ilə Azərbaycan arasında nə yekun sülh müqaviləsi imzalanıb, nə də sərhədlər tam olaraq müəyyənləşməyib. Yəni hər iki ölkə real müharibə vəziyyətindədir. Sərhədlərin təyin edilməməsi ehtimal əməliyyatlar zamanı təriflərin bir-birinin ərazilərinə müdaxilə etməsi arqumentini cürüdür. 

Dördüncüsü, Ermənistan KTMT üzvü olsa da Azərbaycan da KTMT üzvü və aparıcı ölkəsi Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannaməsi”ni imzalayıb. Nəzərə alsaq ki, təxribatı Ermənistan tərəfi başladıb rəsmi Bakı Moskva bəyannaməsini əsas gətirərək Rusiyadan dəstək istəyə bilər. Hesab edirəm bunu KTMT üzvləri də bilir və məhz buna görə Azərbaycan əleyhinə qərar vermir.
Beşincisi Azərbaycan tərəfi həqiqətən də Ermənistanın iddia etdiyi kimi Ermənistana hücum edibsə rəsmi İrəvan bunu isbat edəcək peyk görüntülərini KTMT və digər təşkilatlara təqdim edə bilər.

Politoloq Turan Rzayev