Azərbaycanda böyük əksəriyyət VPN üzərində “oturub” - Osman Gündüz
    • 13-10-2022, 14:21
    • 322

Azərbaycanda böyük əksəriyyət VPN üzərində “oturub” - Osman Gündüz

"Dünya üzrə saytların, sosial medianın və mobil tətbiqlərin fəaliyyətini analiz edən müxtəlif platformalar var. Bu alətlərdən istifadə etməklə hər bir ölkə üzrə bütövlükdə  ümumi mənzərəni görmək olar. Azərbaycanda və Ermənistanda pulsuz mobil tətbiqlərdən hansıların daha populyar olmasını analiz edəndə görmək olar ki, vəziyyət, yumşaq desəm, elə də xoşagələn deyil".

News24.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib. 

O bildirib ki, qlobal statistikadan görünür ki, son zamanlarda bizim mobil istifadəçilərimizin yüklədikləri pulsuz mobil tətbiqlərin ilk beşliyində yalnız VPN-lərdir. Ümumiyyətlə isə, ilk on beşliyə nəzər salanda görmək olar ki,  böyük əksəriyyət VPN-lərdi: "Bu, çox düşündürücü məqamdır.
Bu analizdən anlaşılır ki, smartfon istifadəçilərimizinn əksəriyyəti VPN üzərində “oturub”. Bu, əsasən Android platformadan istifadə edənlərlə bağlıdır. App Store diqqət yetirdikdə nisbətən fərqli situasiyadır. Amma burada da VPN-lər gözə dəyir.

Ermənistan istifadəçilərinin maraq dairsəinə nəzər salanda görmək olar ki, situasiya tam fərqlidir. Orada ümumiyyətlə VPN gündəmdə deyil. Çox güman ki, bir müddət öncə tətbiq edilən bloklanma aradan qaldırılıb.

Şübhəsiz ki, istifadəçilərimizin VPN-dən istifadəsinin kökündə TikTok dayanır. Bu platforma ölkəmizdə müvəqqəti olaraq bloklanıb.
Məlumat vermişdim ki, bir müddət öncə TikTok rəsmiləri ilə görüşmüşdüm. Onlar özlərindəki statistikaya əsasən Azərbaycanda 3 milyon TikTok istifadəçisi olduğunu bildirmişdilər. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir.
Düşünürəm ki, TikTok-la bağlı qərar verənlərimiz bu mənzərənin fərqində olmalıdır.

Həm milli təhlükəsziliklə bağlı, o cümlədən də uşaqların təhlükəsizliyi ilə bağlı daha təkmil və effektiv üsullardan istifadəyə diqqət yetirilməlidir.
Baxmayaraq ki, TikTok rəsmiləri özlərindəki statistikaya istinadən bizdə uşaqların bu platformada az olduğunu vurğulayırlar, amma reallıqda vəziyyət fərqlidir.

Yenə də o fikirdəyik ki, uşaqlar və yeniyetmələr üçün TikTok məhdudlaşdırılmalıdır. 
Düşünürük ki, pulsuz VPN-lədən istifadə əsasında TikTok istifadəsi uşaqlar üçün daha ciddi risklər yaradır.
Bu istiqamətdə bütün maraqlı tərəflərin iştirakı ilə daha ağlabatan üsullardan istifadə edilməlidir.
Amma, ciddi hüquqi əsaslar olmadan bütövlükdə bu platformaya qarşı bloklanma doğru olmazdı.

Fikrimcə, digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin  qorunması ilə  bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı.
Digər sosial resurslarda olduğu kimi, bu platformada da faydalı kontentin yaradılmasına, gənclər üçün burada daha faydalı, intellektual resursların hazırlanmasına, biznes və tanıtım üçün daha effektiv  istifadəsinə , bütövlükdə Azəırbaycan maraqları üçün bu platformadan daha effektiv istifadəyə diqqət yetirmək doğru olardı".