"Futbolçularım həddindən artıq yorğun idi" - Qurban Qurbanov
    • 13-10-2022, 23:55
    • 303

"Futbolçularım həddindən artıq yorğun idi" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Olimpiakos”la Bakıda 0:0 hesablı heç-heçə etdikləri matç barədə danışıb. 

O, görüşdən sonra “CBC Sport”a açıqlamasında oyunun çətin keçdiyini deyib:

"Komandamdan razı qaldım. Çox əziyyət çəkdik. Gərginlik də var idi. Çünki azarkeşlərimiz bizdən qalibiyyət gözləyirdi. Belədə səhvlər də çox olur. “Olimpiakos” bu gün daha aktiv idi. Daha hazırlıqlı oyunçuları meydana buraxmışdılar. Mobil komanda təsiri bağışladı. Görüşə onlar da yaxşı hazırlaşmışdılar".

Mütəxəssis ilk hissədə zədələnən Kadi Borgesin ikinci hissədə əvəzlənməsi barədə də danışıb. O deyib: "Onu sonadək meydanda saxlamaq istəyirdik. İlk hissədən sonra ayağında ağrı var idi. Dedi ki, dözüb oynayaram. Amma alınmadı. Onun yerinə meydana çıxan Filip Ozobiç də özünü yaxşı tərəfdən göstərdi".

Çalışdırıcı 5-ci turda “Nant”la Fransada keçirəcəkləri oyun və pley-off-a çıxmaq şansları haqda da fikirlərini bölüşüb: 
"Rəqiblər öz işlərinə ciddi yanaşır. Sonluq yaxınlaşdıqca, gərginlik artır. "Nant"ın hələ də pley-off şansı varsa, deməli, bizimlə oyuna ciddi hazırlaşacaqlar. Önəmli qarşılaşma olacaq. Soyuqqanlı hazırlaşmalıyıq. Xeyli vaxtımız var. Futbolçularım həddindən artıq yorğun idi. Düşünürəm ki, o vaxtadək idman formalarını qaytara biləcəklər".

Qeyd edək ki, “Nant” - “Qarabağ” oyunu oktyabrın 27-si Fransada olacaq./Qol.az/