Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilir, İlham Əliyev iclasda iştirak edir - YENİLƏNİB
    • 14-10-2022, 14:59
    • 309

Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilir, İlham Əliyev iclasda iştirak edir - YENİLƏNİB

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan etdi.

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Sağ olun, hörmətli Kasım-Jomart Kemeleviç.

Mən əvvəlcə bizim regionda yaranan vəziyyətlə bağlı həmkarlarımı məlumatlandırmaq istərdim. Həmkarlarım yaxşı bilirlər ki, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o, mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.

Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Buna görə də həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırmaq istərdim. Sentyabrda - demək olar bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində, - mən bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim kimi, dayandırıldı.

Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib.

Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, - Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur, bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özü də bu xidmətlər, artıq dediyim kimi, əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi, Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi, - Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gəlincə, bildiyiniz kimi, Brüsseldə artıq bir neçə üçtərəfli görüş keçirilib və prinsipcə, biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini həmişə dəstəkləmişik. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.

Daha sonra bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.

Bundan başqa, Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım.

Daha sonra Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir.

Deməliyəm ki, həmçinin Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Sonuncu təcavüz aktının, terrorun da - Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. Mən nə üçün bunu deyirəm? Çünki 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub.

Postmünaqişə vəziyyətinin digər aspektlərinə gəldikdə, indi biz azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər. On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar.

Daha bir məqamı da qeyd etmək istərdim ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.

Sonda Qarabağ ermənilərinin taleyi barədə. Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib.

Diqqətinizə görə çox sağ olun. Mən həmkarlarımı baş vermiş hadisələr haqqında məlumatlandırmağı zəruri hesab etdim, çünki baş verənlər barədə müxtəlif versiyalar dolaşır. İstədim ki, siz bizim versiyamızı və yeganə həqiqi versiyanı mənim özümdən eşidəsiniz. Çox sağ olun.

Kasım-Jomart Tokayev: Çox sağ olun, hörmətli İlham Heydər oğlu.

***

12:53


Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

Qazaxıstan Respublikasın Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan etdi.

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.


***

12:17

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

İclas işini geniş tərkibdə davam etdirir.

***

09:38


Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası işə başlayıb.

Sammitdə MDB-nin 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı, MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun verilməsi, MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması müzakirə olunur.