Milyarderin kürəkəni olan Rişi Sunak barədə maraqlı - Faktlar
    • 25-10-2022, 00:34
    • 338

Milyarderin kürəkəni olan Rişi Sunak barədə maraqlı - Faktlar

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak ölkənin yeni Baş naziri seçilib. 

42 yaşlı Rişi Sunak Britaniya tarixində müasir dövrün ən gənc Baş naziri olub.
Sunak 1980-ci ildə Sauthemptonda anadan olub. Valideyni hind əsillidir. Onlar 1960-cı illərdə Şərqi Afrikadan İngiltərəyə köçüblər. Prestijli “Winchester” məktəbində oxuyan Sunak yay tətillərində ofisiant kimi çalışıb. Sonra “Oksford" Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb. O, aspirant olduğu “Stenford" Universitetində ikən nəhəng IT şirkətinin həmtəsisçisi hindistanlı milyarder Narayana Murtinin qızı - varisi Akşata Murti ilə evlənib. Bir müddət “Goldman Sachs”da analitik olaraq çalışan Sunak daha sonra iki fondun həmtəsisçisi olub.

Liz Trassın istefasından sonra hakimiyyətə gələn Rişi hindistanlı milyarder Narayana Murtinin qızı - varisi Akşata Murti ilə evlidir.
Rişi pandemiya zamanı ölkəsi üçün fəaliyyəti ilə də tanınır. Belə ki, “Covid”in ilk dalğasında ölkənin maliyyə məsələlərinində nümayiş etdirdiyi qətiyyəti ilə tanındı və 2020-ci ilin yazında pandemiya vaxtı xalqa dəstək olmaq üçün 350 milyard funt sterlinqlik yardım paketini açıqladı. 

Bu ilin aprel ayında Sunak milyarder olan, lakin bu ölkədə vergi ödəməyən həyat yoldaşı Akşata Murtiyə görə ittihamlarla üzləşmişdi. Murti daha sonra həyat yoldaşına olan siyasi təzyiqi azaltmaq üçün İngiltərədə vergi (xaricdə qazandığı gəlirdən) ödəməyə başladı.
Mühafizəkarlar partiyasından millət vəkili olan Sunak 2015-ci ildən Tereza Mey hökumətində nazir müavini vəzifəsində çalışıb. Sonra isə Boris Conson hökumətində maliyyə katibinin baş müşaviri olub.

2020-ci ilin fevralında maliyyə naziri təyin edilən Sunak əvvəlcə Boris Consonun sadiq tərəfdarı olsa da, bu, sona kimi davam etmədi.
Boris Consonun yayda istefa verməsində Sunakın böyük rolu olub. Belə ki, Rişi Consonun istefasından sonra hakim Mühafizəkarlar Partiyasında liderlik yarışına qatılıb. Sunak Mühafizəkarlar Partiyasının deputatları arasında ən çox dəstək alan namizəd olub. Lakin partiya üzvləri onu yox, dövlət katibi Liz Trassı seçiblər.

Sunak Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarı olan mühafizəkarlar arasında idi. 
Həmin dövrdə yazdığı məqalədə İngiltərənin Aİ-dən çıxmaqla daha azad, daha ədalətli və firavan ölkəyə çevriləcəyini deyirdi. O, immiqrasiyanın məhdudlaşdırılması və “ölkənin öz sərhədlərinə nəzarət edə bilməsi”ni istəyirdi.
Hazırda Sunakdan

-İnflyasiya dərəcəsi nəzarət altına alınandan sonra vergiləri azaltmaq;
-Gəlir vergisinin növbəti qanunvericilik ilinin sonuna qədər azaltmaq;
-Dövlət işçilərinin maaş məsələsini müstəqil qurumlardan birinə təhvil vermək;
-2023-cü ilin aprel ayına qədər korporativ vergini 19 faizdən 25 faizə kimi yüksəltmək;
-Müdafiə büdcəsinin cari ÜDM-nin 2 faizi səviyyəsində saxlamaq – kimi gözləntilər də var. /Qafqazinfo/