Baş Prokurorluq və DİN birgə məlumat yaydı
    • 31-10-2022, 11:23
    • 254

Baş Prokurorluq və DİN birgə məlumat yaydı

Birgə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 29 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin olunmuşdur. 

News24.az xəbər verir ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzilində odlu silahdan açılmış atəş nəticəsində güllə xəsarətləri ilə meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.

Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmişdir.

Prokurorluq və polis orqanları tərəfindən həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, 26 noyabr 1993-cü il tarixdə zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramov aralarında yaranmış narazılığa görə Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşmışdır .

28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.