Elektrik avtomobillərinə gömrük rüsumu ləğv edildi
    • 11-11-2022, 22:42
    • 932

Elektrik avtomobillərinə gömrük rüsumu ləğv edildi

Ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0%-ə endirilib.

Bu barədə News24.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Qeyd edilib ki, indiyə qədər bu istiqamətdə bir sıra güzəştlər tətbiq edilib. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən 5-ci – təmiz ətraf mühit və "yaşıl artım ölkəsi” Milli Prioritetinə uyğun olaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər aparılıb və 2022-ci ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da əlavə dəyər vergisindən azad edilib. Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Sərhəddə ticarət" işçi qrupunun tərkibində xüsusi olaraq yaradılmış altqrup tərəfindən hazırlanan təkliflər əsasında “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə zavod buraxılış tarixindən 3 ilədək ötmüş yalnız elektrik mühərrikli minik avtomobillərinin mövcud 15% idxal rüsumu 0% müəyyən edilib. Eyni zamanda, qərara əsasən elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları üzrə idxal rüsum dərəcəsi də 5%-dən 0%-ə endirilib. 30 gün sonra qüvvəyə minəcək qərar ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi istiqamətində atılan mühüm addımdır.