Keçmiş ər arvadını niyə öldürüb? - Tovuzdakı qətlin təfərrüatı
    • 16-11-2022, 11:16
    • 345

Keçmiş ər arvadını niyə öldürüb? - Tovuzdakı qətlin təfərrüatı

Xəbər verdiyimiz kimi ötən gün Tovuzda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, rayonun Aşağı Öysüzlü kənd sakini 1985-ci il təvəllüdlü Rüstəmova Ramilə keçmiş həyat yoldaşı 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov tərəfindən öldürülüb.
 
News24.az xəbər verir ki, kənd sakinlərinin bildirdiyinə görə, Xaliq Rüstəmov keçmiş həyat yoldaşını evdə tək olarkən öldürüb. 
 
Uzun müddət əvvəl ailə quran cütlüyün 10 və 12 yaşlı qızı ilə oğlu var. İllər sonra ailədə narazılıqlar yaranmağa başlayıb. Getdikcə pozulan münasibətlər zəminində ailə boşanmağa qərar verib. Bununla da Rüstəmovlar təxminən 3 ay əvvəl boşanıblar.
 
R.Rüstəmova uşaq yaşlarında atasını itiribmiş. O, ərindən boşanandan sonra anası və nənəsilə birgə yaşamağa başlayıb.
 
Uzun müddətdir işləmək üçün Rusiyaya gedən keçmiş ər 1 həftə imiş ki, Aşağı Öysüzlü kəndinə gəlibmiş. Onun kəndə həyat yoldaşı ilə barışmaq üçün gəldiyini də iddia edirlər. Qadın ərilə barışmaq istəmədiyindən qəzəblənən keçmiş ər onu öldürmək qərarına gəlib.
 
Tovuz rayon prokurorluğunun yayadığı məlumata görə, noyabrın 15-i saat 22 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü ərazisində 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri,1987-ci il təvəllüdlü Xaliq Rüstəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ramilə Rüstəmovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Xaliq Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. /Modern.az/