Salyanda taksi sürücüsünü qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
    • 23-11-2022, 00:21
    • 294

Salyanda taksi sürücüsünü qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Salyan rayonu Xocalı kəndi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.


News24.az xəbər verir ki, noyabrın 18-də Masallı rayonu, Qızılağac kənd sakini 1957-ci il təvəllüdlü Etibar Məmmədovun üzərində xəsarət izləri olan meyitinin Salyan rayonu, Xocalı kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə Etibar Məmmədovun sərnişin kimi avtomobilinə götürdüyü 1975-ci il təvəllüdlü Müşviq İskəndərovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşviq İskəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.