Tofiq Zülfüqarovdan SƏRT SÖZLƏR: “Azərbaycan Rusiyadan nəyisə XAHİŞ ETMƏLİ DEYİL, bizim ərazimizdir...”
    • 5-12-2022, 13:29
    • 2 261

Tofiq Zülfüqarovdan SƏRT SÖZLƏR: “Azərbaycan Rusiyadan nəyisə XAHİŞ ETMƏLİ DEYİL, bizim ərazimizdir...”

Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın yaşayış məntəqələrinin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsi müzakirə mövzularından biridir. Azərbaycanın Müdafiə Nazirliyi dəfələrlə bu məsələ ilə bağlı bəyanat yaysa da, bir dəyişiklik olmadı. 

Rusiya tərəfinin planı nədir? Müdafiə Nazirliyinin israrlarına rəğmən, niyə Azərbaycanın yaşayış məntəqələrinin adları düzgün qeyd olunmur?

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov məsələ ilə bağlı News24.az-a açıqlama verib.

Ekspert bildirib ki, toponimlər ümumi mənzərənin hansısa əhəmiyyətli hissəsi deyil: “Əsas mövzulardan uzaqlaşmamalıyıq. Sülhməramlılara izah etmək lazımdır ki, onlar öz işlərini icra etməlidirlər. Yəni, sülhməramlıları məqsədi və hədəfi təhlükəsizliyi təmin etməkdən ibarət olmalıdır. Onların sərhəd və gömrük funksiyası yoxdur. Bundan əlavə, qaz və işıqla təmin etmək kimi bir öhdəliklər də tapşırılmayıb, bəndlərdə yer almayıb. Rus sülhməramlıları sadəcə olaraq bizim dövlət qurumlarının fəaliyyətinin təhlükəsizliyini təmin etməlidirlər”. 

T.Zülfüqarov hesab edir ki, toponimlər də önəmlidir, ancaq toponimlərdən öncə vacib məsələlər var: “Azərbaycanın Müdafiə Nazirliyi toponimlər məsələsini fərqli formada həll etməlidir. Sülhməramlılar bu və ya digər ölkəyə dəvət olunarkən və orada fəaliyyət göstərərkən həmin ölkənin suveren hüquqlarını öz əlinə götürə bilməz. Yəni bu, beynəlxalq praktikadır, Birləşmiş Millətlər Təşkilatının (BMT) təcrübəsidir. Bu məsələyə aid sənədlər mövcuddur. Ona görə də Müdafiə Nazirliyi məhz bu səpkidə onlarla əlaqə qurmalıdır. 

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov Bakıya çağırılmalıdır və bu məsələlər müzakirə olunmalıdır. 

Biz Rusiyadan nəyisə xahiş etməli deyilik, çünki dövlətimizin ərazisidir. Rus sülhməramlılarını müvəqqəti missiyanı icra etmək üçün dəvət etmişik. Hansısa danışıqlar nəticəsində qərarlar qəbul olunmalıdır və bu qərarlara ciddi əməl edilməlidir”.