“İspan qripi” tipində TƏHLÜKƏLİ PANDEMİYA olacaq – Azərbaycanlı professor AÇIQLADI
    • 6-12-2022, 13:13
    • 792

“İspan qripi” tipində TƏHLÜKƏLİ PANDEMİYA olacaq – Azərbaycanlı professor AÇIQLADI

“COVID-19 pandemiyası hələ bitməyib. Karantin hər yerdə qalır. Sadəcə olaraq bizdə karantin rejimi həddən artıq yumşaldığına görə insanlar onu hiss etmirlər. Bu rejim istənilən vaxt sərtləşdirilib, sonradan yumşaldıla bilər. Bu məsələ epidemioloji vəziyyətdən asılıdır. Ancaq COVID-19 pandemiyasının əvvəlki kimi dalğalar yaratması real görünmür. O, öz sonuna yaxınlaşır”. 

Bu fikirləri News24.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, bütün dünyada kollektiv immunitet olmadığından ayrı-ayrı yerlərdə yeni ocaqlar əmələ gələ bilər: “Ancaq payız vaxtı soyuqdəymə xəstəlikləri adı altında respirator xəstəliklərdən təqribən 10-a yaxın infeksiya var ki, yuxarı tənəffüs yollarında fəallaşa bilirlər. Bunların dördü koronavirus infeksiyasıdır. Koronavirusun ənənəvi dörd forması hər il soyuqdəymə xəstəliklərini törədir. Bundan başqa rinoviruslar, paraviruslar, adenoviruslar kimi psevdo pemakoklar və s. nümunə göstərmək olar ki, burada rol oynaya bilərlər”. 

Professor vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanların sağlamlığını təhdid edən 10 əsas amildən biri kimi bizi qarşıda qrip infeksiyasının gözlədiyini bildirib: “Bu, ehtimal yox, elmi proqnozdur. Nə vaxtsa olacaq, amma tarixi demək çətindir. Davam edən mutasiyalar nə vaxtsa bu infeksiyanı gətirəcək. Yəni, “İspan qripi” tipində bir təhlükəli pandemiyanın olacağı proqnozlaşdırılır.

Ümumiyyətlə, yeni sürprizlərə hazır olmalıyıq. Bu pandemiya bizə xeyli dərslər verdi. Hesab edirəm ki, insanlar artıq müəyyən vərdişlərə yiyələniblər. Amma bununla yanaşı, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də dövlət müəyyən tədbirlər üçün hazır olmalıdır”.