Sentyabrdan QAPANMALAR OLACAQ? – İnfeksionist AÇIQLADI
    • 25-07-2022, 13:17
    • 2 316

Sentyabrdan QAPANMALAR OLACAQ? – İnfeksionist AÇIQLADI

Son günlər cəmiyyətdə sentyabr ayından etibarən qapanmaların tətbiq olunacağı ilə bağlı fikirlər dolaşır. Qapanmalarla bağlı narahatlıq insanlarda təşviş yaratmağa başlayıb. 

News24.az-ın əməkdaşı məsələ ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyevin fikirlərini öyrənib.

O saytımıza açıqlamasında bildirib ki, yenidən karantin rejiminin və qapanmaların tətbiq edilməsi inandırıcı deyil: “Əvvəlki dalğalarda olduğu kimi məhdudiyyətlərin baş tutacağını gözləmirəm. Zənnimcə, maskaların istifadəsi gündəmə gələ bilər. Əvvəlki dalğalarda da gördük ki, maskaların istifadəsi yoluxma sayını kəskin azaldır. Koronavirus tənəffüs yolları ilə keçən xəstəlik olduğu üçün tibbi maskalar çox böyük rol oynayır. Maska qadağasının hər yerdə yox, yoluxma ehtimalı yüksək olan sıx və qapalı məkanlarda qüvvəyə minməsi gözlənilir”.

 Ekspert əlavə edib ki, xəstəlik əvvəlki kimi təhlükəli olmayacaq: “Yoluxma sayında artım olsa da, əvvəlki dalğalar kimi təhlükəli olacağı real görünmür. Yəni səhiyyə sistemində yüklənmə olacağına inanmıram, xəstəxanalar dolmayacaq. 

Bundan əlavə, artıq kollektiv immunitet formalaşıb. Cəmiyyətin əksər üzvləri bu virusla bir dəfə də olsa təmasda olublar. Bu baxımdan yeni yoluxmalar o qədər də ağır keçmir. Çünki immun sisteminin yaddaş hüceyrələri artıq bu virusun genetik quruluşunu tanıyır. Lap iki-üç il sonra belə koronavirusa yoluxsaq, bu zaman sürətli antitellər sintez olunacaq və orqanizmi qoruyacaq”.