Amerikalı diplomat: “Türkiyə çəkinmir, bunu Qarabağda da gördük"
    • 10-12-2022, 20:38
    • 233

Amerikalı diplomat: “Türkiyə çəkinmir, bunu Qarabağda da gördük"

“Türkiyə təkcə Qərb deyil, həm də dünyadakı qlobal güclər üçün çox mühüm geostrateji tərəfdaşdır”.

Bunu ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri deyib.

“Hazırda müəyyən problemləri olsa da, Türkiyənin güclü iqtisadiyyatı və gücünü göstərməkdən çəkinməyən ordusu var. Türkiyə Rusiya və İranın ekspansiyasına qarşıdır. Bunu Qarabağda, İdlibdə, Liviyada, Ukraynada görmüşük. Bunu İran və İraqda da gördük. Bütün bu xüsusiyyətlər Türkiyəni ABŞ üçün son dərəcə önəmli tərəfdaş edir”, - diplomat vurğulayıb.

Cefri Yaxın Şərqdə hələ də 70 000 ABŞ hərbçisinin olduğunu xatırladaraq, onların bölgəni tərk etmədiklərini, Türkiyə və İsrail kimi tərəfdaşları ilə oradakı təhdidlərə qarşı mübarizə apardıqlarına da diqqət çəkib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki əsas təhdidlər İran, İŞİD və PKK terrorudur. Ceyms Cefri PKK terror təşkilatının Türkiyədən başqa İraq və bölgə üçün də təhlükə yaratdığını, hətta ABŞ-ın da bu təhlükədən narahatlıq keçirməsinin lazım olduğunu deyib.

“PKK-nın Suriya qolunu SDQ adlandırdıq. SDQ ilə patrulların məqsədi İŞİD-i nəzarətdə saxlamaqdır. Təşkilat hələ də təhlükəlidir. ABŞ-ın Suriyanın şimal-şərqindəki əməliyyatını dayandıracağını düşünmürəm. İŞİD hələ də böyük təhlükədir”, - sabiq səfir qeyd edib.

Onun sözlərinə görə, terror təşkilatını tamamilə bitirməyin çox çətin olduğunu Türkiyə yaxşı bilir:

“Siz onu təzyiq və nəzarət altına ala, onun hücum qabiliyyətini azalda bilərsiniz, Türkiyə də PKK məsələsində çox uğurlu olub, amma onlar həmişə oradadırlar və sən də onlara qarşı varlığını bir təhər davam etdirməlisən. Türkiyənin cənub sərhədində təkcə PKK deyil, İŞİD təhlükəsi də davam edir.

Yaxın Şərqdə PKK, YPG və İŞİD terrorundan ən çox zərər çəkən Türkiyədir. NATO müttəfiqləri, xüsusən də Vaşinqton öz bəyanatlarında bunu qəbul edir”.

Ceffri vurğulayıb ki, PKK terror təşkilatı ABŞ-ı da narahat etməlidir:

“PKK-nın Suriyadakı hansısa fəaliyyəti Türkiyəni də, bizi də narahat etməlidir, çünki biz onların Suriya qolu ilə tərəfdaşıq. ABŞ İŞİD-ə qarşı PKK-nın SDQ dediyimiz qolu ilə işləyir. Vaşinqton başa düşür ki, Türkiyə ona təhlükə yaradan PKK-ya cavab verməlidir. İŞİD də terror təşkilatıdır, Türkiyə, ABŞ və AB ölkələrinə hücum edib. Beləliklə, biz çox fərqli təhlükəsizlik narahatlıqlarını nəzərə almağa çalışırıq və bu, münasibətlərdə irəli-geri getməyə səbəb olur. Türkiyə PKK-nın Suriya və İraqdakı hərəkətləri ilə bağlı real təhlükəsizlik narahatlığına malikdir”./Teleqraf.com/