“Ermənilərin məqsədlərindən biri AZƏRBAYCAN-RUSİYA QARŞIDURMASINI yaratmaqdır” – Tofiq Zülfüqarov
    • 12-12-2022, 14:52
    • 405

“Ermənilərin məqsədlərindən biri AZƏRBAYCAN-RUSİYA QARŞIDURMASINI yaratmaqdır” – Tofiq Zülfüqarov

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Xankəndi yolunda çadırlar qurublar. Onlar Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov məsələ ilə bağlı News24.az-a danışıb.


O bildirib ki, Azərbaycan hazırda yumşaq güc tətbiq edir: “Bu addım qarşı tərəfə Azərbaycan ictimaiyyəti tərəfindən bir cavabdır. Yəni, sülhməramlılara mesaj verilir ki, vəzifə səlahiyyətlərini aşmasınlar, siyasi oyunlara aludə olmasınlar, öz vəzifə səlahiyyətlərini düzgün istifadə etsinlər. Əks təqdirdə, Azərbaycan da lazımi cavabları verəcək.
 
Erməni seperatçılarını təmizləmək üçün lazım gəlsə, güc də istifadə etməliyik. Hesab edirəm ki, indiki mərhələdə bu cür siyasi addımlar və üslublar üstünlük təşkil etməlidir. Ermənilərin məqsədlərindən biri Azərbaycan-Rusiya qarşıdurmasının isti fazaya keçməsini təmin etməkdir. Ancaq taktiki baxımdan bizim istifadə etdiyimiz üsullar çoxdur. Əminəm ki, bu addım daha sərfəlidir”. 

Politoloqun fikrincə, sülhməramlıların fəaliyyəti məsələsi müzakirə mövzusu olacaq və öz həllini tapacaq: “Biz sülhməramlı faktorunu öz xeyrimizə istifadə etməliyik. Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqin baş tutmamasından sonra bu etiraz aksiyası başladı. Biz istəyirik ki, sülhməramlılar öz işləri ilə məşğul olsunlar. Yəni, təhlükəsizliyi təmin etsinlər. Digər məsələlərdə onlar yardımçı bir qurum kimi istifadə edilə bilərlər. Çox güman ki, biz gec-tez bu məsələlərdə müsbət nəticələrə nail olacağıq”.