Yeni tələblər irəli sürüldü: Ekoloji aksiya siyasiləşir?
    • 16-12-2022, 14:56
    • 375

Yeni tələblər irəli sürüldü: Ekoloji aksiya siyasiləşir?

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəalların və QHT təmsilçilərinin Laçın yolunda keçirdiyi aksiya artıq beş gündür davam edir.

Aksiya iştirakçıları hər nə qədər tələblərində prinsipiallıq göstərsə də Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gəlməyib. Aksiya iştirakçılarının tələbləri də yerinə yetirilməyib.

Aksiya iştirakçılarının yeni tələbləri 

Aksiya iştirakçıları artıq yeni tələblər səsləndirməyə başlayıb:

1. Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə sülhməramlılarla yanaşı, Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir.

2. Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin.

3. Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları yaradılsın.

4. Arutyunyan-Vardanyan cütlüyü Qarabağı tərk etməlidir.

Prinsip etibarilə aksiya iştirakçılarının yeni tələbləri 44 günlük müharibə sonrası Azərbaycan xalqının tez-tez dilə gətirdiyi əsas tələblərdir. Məhz aksiyaların beşinci günü bu tələblərin səslənməsi onu deməyə əsas verir ki, Azərbaycan xalqının tələbləri artıq praktiki mərhələyə keçir. 

Tələblərdən çıxan nəticə isə belədir:

Birincisi, Bakının səbir kasası daşır. Buna görə də həm Kremlə, həm də sülhməramlılara qətiyyətli mövqeyini nümayiş etdirmək üçün tələblər xalq səviyyəsində çatdırılır. Yəni xalqın iradəsi həlledici amil rolunu oynayır mesajı verilir.

İkincisi, tələblərin artması aksiya iştirakçılarının sayının artması fonunda diqqət çəkir. Bakı bununla baş verə biləcək insidentin məsuliyyətini daşımayacağı mesajını verir. Sülhməramlıların sayının artması da aksiya gedişatında gərgin anlara şahid ola biləcəyimiz versiyalarını aktuallaşdırır.

Üçüncüsü, aksiya iştirakçılarının tələbləri həm də onu deməyə əsas verir ki, Bakı sülhməramlıların nə isə edəcəyinə inanmır və buna görə də ərazidə Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa etmək istəyir. 

Müəllif: Politoloq Turan Rzayev