Daun sindromlu şəhid bacısı döyülüb?- Anası danışdı
    • 26-12-2022, 17:05
    • 282

Daun sindromlu şəhid bacısı döyülüb?- Anası danışdı

Bakı şəhərində yerləşən daun sindromlu şəxslərin müalicə aldığı mərkəzdə müəllimlərdən birinin daun sindromlu şəxsə şiddət göstərdiyi iddia olunur.

News24.az-ın məlumatına görə, iddia olunur ki, mərkəzdə yeni il şənliyi keçirilən zaman Nurcan Əmiraslanova digər uşaqlarla rəqs etmək istəyib. Müəllim onu kənara çəkmək istəsə də, Nurcan razılaşmayıb. Bundan sonra müəllim ona şiddət göstərərək kənara çəkib. İddialara görə əvvəl də Nurcan soyuq otaqda saxlanılaraq cəzalandırılıb.

Qeyd edək ki, Nurcan Əmiraslanova Qəbələ rayon Mıxlıqovaq kənd şəhidi Ümman Əmiraslanovun bacısıdır.

Məsələ ilə bağlı Nurcan Əmiraslanovanın anası News24.az-a danışaraq bildirib ki, yayılan məlumatlar əsassızdır: "Mərkəzdə yeni il şənliyi keçirilirdi. Həmin şənlikdə Nurcan yıxılıb. Bu hadisə də yanlış anlaşılıb. Yayılan məlumatların heç biri doğru deyil. 7 ildir ki, övladım həmin mərkəzdə müalicə alır. Bu illər ərzində heç bir şikayətim olmayıb. Bu hadisə ilə bağlı da yoxdur. Oğlumun şəhid olmasından sonra mən də, qızım da ağır depressiya keçirdik. Ona görə də uşaq bəzən aqressiya göstərir". 

Nurcanın anası bildirib ki, bununla bağlı mərkəzin rəhbərliyi ilə danışıb məsələni aydınlaşdırıblar: "Biz bu mövzuda mərkəz rəhbərliyi ilə danışıb hadisənin necə baş verdiyini öyrənmişik. Kiminsə belə lazımsız statuslar yazmasına heç gərək yoxdur. Mənim balamı məndən çox istəyəcəklər?! Mən anası olaraq heç kimdən narazı deyiləm". 

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən açıqlamada isə bildirildi ki, faktla bağlı araşdırma aparılır.

Qumral Əliyeva