“Tap.az”da şok fırıldaq - 1400 manat aldı, sonra telefonu söndürdü
    • 13-01-2023, 13:58
    • 320

“Tap.az”da şok fırıldaq - 1400 manat aldı, sonra telefonu söndürdü

“Tap.az”saytında saxta avtomobil elanı paylaşaraq iki nəfəri aldadan və onların pulunu ələ keçirən Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Taleh Ağayev həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, o, “Vaz” markalı avtomobilin şəkilini paylaşaraq onu 3900 manata satdığını bildirib və əlaqə nömrəsini qeyd edib. Bundan sonra Şəmkir və Tovuzdan iki nəfər Talehlə əlaqə saxlayaraq avtomobili almaq istədiklərini deyib. Taleh həmin şəxslərlə 3200 manata razılaşıb və bank kartı şəkli göndərərək beh vermələrini istəyib.

Şəmkir sakini Talehin tələbi ilə onun kartına 800, Tovuz sakini isə 600 manat göndərib. Taleh həmin şəxslərin birinə Zərdab, digərinə isə Oğuz rayonunda olduğunu və avtomobili gəlib ala biləcəklərini deyib. Müştərilər yola çıxdıqdan sonra Talehlə əlaqə saxlamaq istəsələr də ona və dediyi digər şəxslərə zəng çatmayıb. Bundan sonra hər iki şəxs aldadıldığını anlayaraq polisə müraciət edib.

Talehin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) maddəsi ilə iş açılıb və o həbs edilib. Yasamal rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh BAĞIROV