“Nahidə pulu verə bilmədiyi üçün intihar etdi” – Şirkət rəhbəri şok faktları açıqladı
    • 21-01-2023, 18:00
    • 281

“Nahidə pulu verə bilmədiyi üçün intihar etdi” – Şirkət rəhbəri şok faktları açıqladı

Gəncədə fəaliyyət göstərən və çoxsaylı vətəndaşların şikayətçi olduğu “Gold Kredit 10" MMC-nin rəhbəri, iş adamı Kazım Məmmədov həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 41 yaşlı biznesmen Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri (külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə təqsirli bilinib. Yanvarın 18-də - məhkəmə prosesinin yekununda lombard sahibi olan iş adamının 5 il müdətinə azadlıqdan məhrum edilməsinə hökm edilib. Kazım Məmmədov məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Araşdırmalar zamanı lombarddan 39 nəfər şikayətçi olması, onların  ümumilikdə 1,547,04 qram (1,5 kiloqram) qızıl-zinyət əşyalarının mənimsənilməsi məlum olub. Bu qızılların bazar qiyməti isə təxminən 76 min manatdan çox olub. 

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kazım Məmmədov vəziyyətin bu yerə çatmasında şirkətin keçmiş mühasibi Nahidə Məmmədovanın günahkar olduğunu bildirib.

O, mühasibin lombarda qoyulmuş qızıllara görə toplanan 200 min manata yaxın pulları ələ keçirdiyini, lakin daha sonra əməlləri üzə çıxdıqdan sonra intihar etdiyini deyib: “2013-cü ildə şirkət təsis edərək fəaliyyətə başladıq, maliyyə vəsaitim olmadığı üçün tanışım mənə müxtəlif vaxtlarda və məbləğlərdə pul verirdi. Həmin vaxt Nahidə adlı mühasibimız vardı, o, məndən xəbərsiz girov qoyulmuş qızılların müqabilində götürülən kreditlərin ödənişlərini mənimsəyib. Həmin faktın üstü 2015-ci ilin yayında açıldı, Nahidənin 200 000 manat pulu mənimsəməsi məlum oldu.

O, məbləği ödəyə bilmədiyi üçün həmin borcları mən ödəməli oldum. Nahidənin əməlinin üstü açılandan sonra mən pul götürdüyüm adamla razılaşdım ki, müştərilərin bir qismi pulu həmin şəxsə ödəsin.

Təxminən 400 000 manat məbləğində kredit ödənişi müştərilər tərəfindən birbaşa həmin şəxsə ödənildi. 2015-2016-cı ildə isəmən  400 000 manat dəyərində qızılları “Azərbaycan Beynəlxalq Bankı”na girov qoyaraq, kredit götürdüm və həmin şəxsə olan borcumu ödədim. Bundan sonra isə müştərilərin kredit ödənişləri ilə banka olan borcumu ödəməyə başladım. Nahidə isə həmin pulu qaytara bilmədiyi üçün 2016-ci ilin martında intihar etdi. Nahidə eyni zamanda vergi və DSMF ödənişlərini də etmədiyindən maddi sıxıntılarım daha da artdı, bu səbəbdən də şirkətin fəaliyyətini dayandırıb yeni MMC kimi fəaliyyətə başladım”.

Kazım Məmmədov qeyd edib ki, yeni şirkəti bankdan çəkdiyi kredit hesabına fəaliyyət göstərib. Lakin daha sonra müştərilər azaldığı, eləcə də, kreditləri vaxtında ödəyə bilmədiyi üçün vəziyyəti pisləşib. O, “Beynəlxalq Bank”da lombard kreditləşməsi dayandıqdan sonra qızılları başqa kredit şirkətinin balansına keçirib pul götürdüyünü və həmin pullarla qızıl sahiblərinin böyük hissəsinə olan borcunu ödədiyini bildirib.
İstintaq müddətində şikayətçi olan şəxslərin bir neçəsi də qızılları qaytarıldığı üçün şikayətlərini geri götürüb. 

K.Məmmədov daha ödənişləri edə bilmədiyini, imkanı daxilində yerdə qalan şəxslərə də ödəniş etmək niyyətində olduğunu deyib.

Qeyd edək ki, K.Məmmədovun sahibi olduğu şirkətin mühasibi Nahidə Məmmədova 8 mart 2016 tarixində Gəncədəki qəbiristanlıqların birində intihar edib. O, anasının qəbri üstündə özünü zəhərləyərək həyatına son qoyub. Mərhumun 4 uşağı var imiş.

Taleh BAĞIROV